Bu həftə 76 yaşında dünyasını dəyişən Baş prokurorun sabiq birinci müavini, 2023-cü ildə öz fəaliyyətinə xitam verən Sosial Ədalət Partiyasına sədrlik etmiş Mətləb Mütəllimov həm də Azərbaycanın yeni tarixinə istiqlalçı deputat kimi düşmüş şəxslərdən biri idi.
Medianews.az bildirir ki, indiyədək istiqlalçı deputatlardan 24 nəfəri vəfat edib: Heydər Əliyev, Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirin, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Maşallah Abdullayev, Məmməd Xələfov, Məryəm Həsənova, Mətləb Mütəllimov, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu.
19 nəfər sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci il aprelin 28-də cümhuriyyət Rusiya işğalı ilə süqut edib, Azərbaycan Sovet Sosialist Respublikası elan olunub.
1922-ci il dekabrın 22-də Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılıb.
1989-cu il sentyabrın 23-də parlament (Ali Sovet) Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında konstitusiya qanunu qəbul edib. 1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adına keçilib.
1991-ci il martın 7-si parlamentdə ittifaqın saxlanması üzrə SSRİ referendumunun Azərbaycanda da keçirilməsi qərarı qəbul edilib. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə səs verib. Həmin şəxslər tarixə istiqlalçı deputatlar kimi düşüb.
Rəsmi hesabata görə, 17 mart 1991-ci il referendumunda iştirak edən Azərbaycan seçicilərinin 93,3 faizi ittifaqın saxlanmasını istəyib.
1991-ci il avqustun 19-da SSRİ-də dövlət çevrilişi cəhdi üzündən nəzərdə tutulan Suveren Respublikalar İttifaqını yaratmaq mümkün olmayıb.
1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.