Dünyanın ən böyük muzeyinin - Fransa paytaxtı Parisdə yerləşən Luvr Muzeyinin direktoru Lorans de Kar istefa verib.
Medianews.az bildirir ki, Fransa prezidenti Emmanuel Makron istefanı qəbul edib. Yelisey sarayının yaydığı açıqlamaya görə, Makron istefa qərarını dünyanın ən böyük muzeyinin həm sabitliyə, həm də yeni güclü stimullara ehtiyac duyduğu bir vaxtda atılmış məsuliyyətli addım kimi dəyərləndirib.
İstefaya səbəb ötən il muzeydə baş vermiş oğurluqdur. Mediada həmin hadisə “əsrin oğurluğu” adlandırılır. İnsident zamanı muzeyin Apollon qalereyasından təxminən 100 milyon dollar dəyərində tarixi zinət əşyaları oğurlanmışdı.
Lorans de Kar oğurluqdan dərhal sonra işdən çıxmaq barədə ərizə təqdim etsə də, o vaxt istefası qəbul olunmamışdı.

2024-cü ildə Luvr Muzeyini 8,7 milyon nəfər ziyarət edib.
Lorans de Kar 2021-ci ilin sentyabrında Luvr Muzeyinin direktoru təyin edilib. O, Luvrun 230 illik tarixində bu vəzifəyə təyinat almış ilk qadın olub.