2050-ci ilə qədər Latın Amerikasında xərçəng xəstəliklərinin sayı 83% arta bilər.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu proqnozu tibb elmləri doktoru, cərrah, Beynəlxalq Xərçəng Əleyhinə İttifaqın direktorlar şurasının üzvü Mayra Kaleffi səsləndirib.
Həkim bu regionun ölkələrində xərçəng xəstəliyinə yoluxma səviyyəsinin yüksək, ölüm hallarının sayının isə artmaqda olduğunu diqqətə çatdırıb.
“Gələcək perspektivlər də narahatlıq doğurur”, - Mayra Kaleffi bildirib.
Onun sözlərinə görə, bu baxımdan ən çox zərəri əhalisinin gəlir səviyyəsi aşağı və orta olan ölkələr çəkəcəklər. Buna səbəb sözügedən ölkələrin yeni xəstəlik hallarının kəskin artımına hazır olmamalarıdır. Mayra Kaleffi Latın Amerikası və Karib hövzəsi ölkələrinin də ən həssas ölkə kateqoriyalarına daxil olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) proqnozlarına görə, dünyada xərçəng xəstəliyi hallarının sayı 77% artaraq 2022-ci ildəki 20 milyonla müqayisədə 2050-ci ildə 35,3 milyona çatacaq.
Ölüm hallarına gəldikdə isə, 2050-ci ilədək proqnozlaşdırılan qlobal artım təxminən 85% təşkil edir. 2022-ci illə müqayisədə bu, xərçəngdən illik ölüm hallarının 10 milyondan 18,5 milyona yüksəlməsi deməkdir.