Medianews.az
Dövlət bloklayanda sosial şəbəkə əlçatmaz olurmu?
117 baxış

Dövlət bloklayanda sosial şəbəkə əlçatmaz olurmu?

Rusiya hökumətinin teleqram kanalını tamamilə bloklamağa hazırlaşdığı haqda məlumatlar yayılıb. Bunun aprel ayında baş verəcəyi deyilir. Bildirilir ki, platformaya nə mobil, nə də genişzolaqlı internetlə girmək, “Teleqram” tətbiqini yükləmək mümkün olmayacaq.

İnternet dünyada həm də senzuraya qalib gəlmiş bir texnoloji yenilik sayılır. Bu baxımdan maraqlıdır: doğrudanmı hər hansı bir ölkədə sosial medianı (tutalım, teleqramı, yutubu, instaqramı, feysbuku və sair) tam bloklamaq mümkündür? Ümumiyyətlə, sosial medianın bloklanması nə anlama gəlir: bu, həmin ölkədən sosial mediaya girişin tam, yoxsa qismən qapanması deməkdir? Teleqram kanalı Rusiyada bloklanandan sonra rusiyalılar bu kanaldan məhrum olacaqlarmı?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, texniki cəhətdən sosial platformaları tam bloklamaq mümkündür, lakin bu, rəqəmsal dünyada mütləq yox olma deyil, "rəqəmsal izolyasiya" deməkdir: “Dövlət orqanı internet provayderləri vasitəsilə platformanın İP ünvanlarını və məlumat paketlərini (DPİ texnologiyası ilə) filtrləyib girişi kütləvi şəkildə dayandıra bilir. Bu, ölkə daxilində tətbiqin fəaliyyətinin qanunsuz elan edilməsi və texniki cəhətdən əlçatmaz vəziyyətə salınmasıdır.

Rusiyada teleqram bloklansa, istifadəçilərin bu kanaldan tam məhrum olub-olmayacağı tətbiq edilən metodun sərtliyindən asılı olacaq. Əgər Rusiya 2019-cu ildən ölkədə qüvvəyə minmiş “Suveren internet” qanunu çərçivəsində bütün çıxış nöqtələrini nəzarətə alsa, VPN və proksi kimi yan yolların fəaliyyəti ciddi şəkildə məhdudlaşacaq. Bu halda teleqram kanalı tam sıradan çıxmasa da, kütləvi ünsiyyət vasitəsi statusunu itirib yalnız texnoloji bilikləri yüksək olan azlığın istifadə etdiyi çətin və ləng bir alətə çevriləcək”.

Teleqram kanalını rusiyalı sahibkar və proqramçı Pavel Durov qardaşı Nikolayla birgə yaradıb. Kanal 2013-cü ildə işə düşüb. Kanalın mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. Pavel Durov 2014-cü ildə Rusiya hakimiyyəti ilə mübahisələrdən sonra ölkəni tərk edib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun