Medianews.az
Doğrudanmı Ukrayna torpaq güzəştinə gedir? – Ən çətin sualın cavabı -
945 baxış

Doğrudanmı Ukrayna torpaq güzəştinə gedir? – Ən çətin sualın cavabı - AÇIQLAMA

Ukraynada sülhə nail olmaq üçün müzakirə olunan əsas məsələlərdən biri bu ölkənin Rusiyaya torpaq güzəştinə getməsi, yəni hazırda rus ordusunun işğalı altında olan ərazilərin hansısa qismindən imtina edib onu Rusiya Federasiyasının qanuni ərazisi kimi tanımasıdır.

Postsovet məkanında ərazisi Rusiyanın birbaşa və ya əlaltıları vasitəsilə işğal olunmuş ölkələrin heç biri torpaq güzəştinə getməyib. Azərbaycan belə bir güzəştə getmədi və nəhayət, zəbt olunmuş torpaqlarını azad edib ərazi bütövlüyünə qovuşdu. Gürcüstan, Moldova da uzun illərdir işğaldan əziyyət çəksələr də torpaq güzəştinə getməyiblər. Ukrayna getsə, bu, çağdaş dövrdə, postsovet məkanında Rusiyanın nail olduğu ilk ərazi güzəşti olacaq. Amma Ukrayna doğrudanmı hansısa təhlükəsizlik zəmanətləri qarşılığında ərazi güzəştinə gedəcək? Yoxsa torpaq güzəştinin mümkünlüyü əslində real olmayan diplomatik manevrlərdir? Ukraynanın gerçəkdən Rusiyaya ərazi güzəştinə gedəcəyinə inanmaq olarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, hazırda Ukrayna tərəfindən təhlükəsizlik və sülh naminə torpaq güzəşti müzakirə olunan mövzudur: "Bugünlərdə Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşən ABŞ Prezidenti Donald Tramp faktiki bu mesajı verib, ərazi güzəşti müzakirə edilib. Artıq görünən odur ki, istər Qərb mediasında, istər Rusiyanın müxalif və ya müxalif sayılan media seqmentlərində faktiki olaraq Ukrayna əhalisinin ərazi güzəştinə köklənməsi prosesi gedir. Bu, Ukraynanın qələbəsi kimi təqdim olunur. Guya Ukrayna bəzi torpaqlarından imtina edərsə, ona çox ciddi təhlükəsizlik təminatları veriləcək. Halbuki Ukrayna NATO-ya qəbul olunmayacaq. Ancaq guya ona NATO müqaviləsinin 5-ci maddəsinə bərabər təminatlar veriləcək. Bildiyiniz kimi, 5-ci maddəyə əsasən, NATO-nun bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir. Lakin Ukraynaya bu təminatın necə veriləcəyi bilinmir, yəni bu məsələnin də detalları bəlli deyil. Bəzi iddialara görə, Ukraynada sülh yaradıcı kontingent, həm Avropa İttifaqını, həm də ABŞ-ni təmsil edən silahlı qüvvə yerləşdiriləcək”.

“Ukrayna xalqının bu vədlər qarşılığında ərazi güzəştinə getməsi mümkündürmü?” sualını Ə.Oruclu belə cavabalndırıb: “Bunu söyləmək çox çətindir. Hər şey cəmiyyətin nəyə köklənməsindən, təbliğatın necə aparılmasından, güzəştin insanlara hansı formada çatdırılmasından asılı olacaq. Hazırda bunu az qala Ukraynanın qələbəsi kimi təqdim etməyə çalışırlar. Əslində isə bu, qələbə deyil. Təcavüzkar ölkənin torpaq iddiasını təmin etmək istənilən halda məğlubiyyət deməkdir. Ona görə söyləmək çətindir ki, Ukrayna cəmiyyətini buna kökləyə biləcəklərimi? Xalq buna referendumda səs verəcəkmi? Məsələ ondadır ki, ekspertlərin fikrincə, Ukrayna ərazisində yalnız referendum yolu ilə dəyişiklik edilə bilər.

Xalqın reaksiyasının necə olacağını indidən söyləmək çətin olsa da, Prezident Zelenskinin ərazi güzəştinə razılaşdığı görünür. Yəqin ona da müəyyən təminatlar verilib. Artıq Ukraynada yeni seçkilərin keçirilməsi ətrafında söhbətlər gedir. Amma bütün bunların bir manipulyasiya ola biləcəyini də istisna etmək olmaz”.

Politoloq qeyd edib ki, ərazi güzəştinin belə Ukraynanın təhlükəsizliyinə təminat yaradacağına inanmaq, güvənmək mümkün deyil: “Buna güvənmək sadəlövhlük olardı. 1990-cı illərdə imzalanmış Budapeşt memorandumu da Ukraynanın ərazi bütövlüyünə, təhlükəsizliyinə, suverenliyinə təminat vermişdi, amma nə oldu, memorandumu imzalayan beş ölkədən biri Ukraynaya hücum etdi. Qalan dörd ölkə isə faktiki olaraq qətiyyətli addımlar atmadı.

Digər tərəfdən ABŞ Prezidenti Donald Trampın “Rusiya NATO ölkələrinin birinə hücum edərsə, alyans müqaviləsinin 5-ci maddəsi işə düşəcəkmi?” sualına cavabını yada salın. Tramp dedi hələ baxmaq lazımdır ki, o hansı ölkədir. Yəni təminat dedikləri əslində havadan asılı öhdəliklərdir. İndi belə bir söhbət də ortalığa atırlar ki, Ukraynaya təklif olunan təminatlar ABŞ və Avropa parlamentləri tərəfindən ratifikasiya olunsa, rəsmən həmin dövlətlərin öhdəliyinə çevriləcək. Əslində bu da çox mənasız arqumentdir. Gerçəklikdə burada heç bir öhdəlik yoxdur.

Mən hesab edirəm ki, ərazi güzəştinə getməsi Ukraynanın məğlubiyyəti demək olacaq. Ukrayna hətta belə bir güzəştin qarşılığında da heç bir ciddi güzəşt, üstünlük əldə etməyəcək. İndi şirnikləndirirlər, deyirlər guya böyük investisiyalar, yatırımlar olacaq, Ukrayna güclü Avropa dövlətinə çevriləcək. Bunların hamısı mülahizələrdir, ritorikadır, reallaşması geosiyasi və siyasi reallıqlardan asılı məsələlərdir. Sabah hansısa Avropa ölkəsində, yaxud ABŞ-nin özündə hakimiyyətə yeni şəxs gələcək və deyəcək ki, o mənim müqaviləm deyil. Necə ki, Tramp indi deyir bu müharibə mənim müharibəm deyil, Cozef Baydenin müharibəsidir. Bütün bunları bilə-bilə Ukrayna güzəştə gedəcəkmi? Çox çətin sualdır. Deyə bilmərəm. Amma görünən odur ki, Ukrayna xalqını buna hazırlayırlar".

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun