Xalq artistinin dekolteli geyimi bəzi vətəndaşlarımızın müzakirəsinə səbəb olmuşdur. Hamısının yox. Bəziləri bunu alqışlamışdır. Əslində, pis çıxmasın, mən özüm də videosuna baxdım, bəyəndim. Burada nəsə əsrarəngiz, gizlədiləsi temalar yoxdur. Nəyimiz varsa, ortalıqda olmalıdır. Xüsusilə də, sən xalq artistisənsə, xalq niyə öz artistini hərtərəfli görməyə pis baxsın ki?
Lakin elə o yuxarıda adını çəkdiyim “bəziləri” problemə məhz “xalq artisti xalqa layiq səhnə geyimində ortalığa çıxmalıdır” kontekstindən yanaşmağın tərəfdarıdır. Guya xalqımız dekolte və ümumiyyətlə, yarıçılpaq geyimlərə neqativ yanaşır. Bunu kim müəyyən edib? Belə referendum keçirilməmişdir. O cümlədən, Milli Məclisdə “Xalq artistlərinin geyim formasının təsdiq edilməsi barədə Qanun” qəbul olunmağından xəbərimiz yoxdur. Məsələn, xalq artistinin tumanının balağı neçə santimetrə çatmalıdır, əməkdar artistin göbəyinə baxmaq məkruhdurmu, əməkdar incəsənət xadimi bulvarda dombalaq aşa bilərmi və sairə - haçan belə normativlər rəsmən qəbul olunar, onda xalqın adından danışarsınız.
Maraqlıdır ki, uca millətimizin geyim-kecim məsələsində ortaq nöqtəsi hələlik tapılmamışdır. Bunu Güney və Quzey Azərbaycan sakinlərinin uniformasına əsasən yazıram. Bu tayda dekolte dəbdədirsə, o tayda hicab dəbdədir. Yəqin ki, haçansa burada bir ortaq nöqtə tapmaq lazım gələcəkdir. Məni bu, hələ Meydan hərəkatı vaxtından narahat edir. 1990-cı ildə Əbülfəz bəy Narxozda tələbələrlə görüşə gələndə mən ona sual vermişdim ki, əgər Azərbaycan bütövləşsə, paytaxtın Bakı, yoxsa Təbrizdə olmasını arzu edir, bəy demişdi: “Mümkündür Sabirabad tərəflərdə, Araz üzərində yeni şəhər salaq”.
Lakin Kür çayı hazırda Sabirabadda bəndi yarıb. Əgər biz orda yeni paytaxt inşa etsək, gərək yenə də sel-su əlində yesir qalaq. O cümlədən, “kim karennoy şəhərlidir” temasına yeni diskurs əlavə olunacaqdır, məsələn, Pənah Hüseyn hər yerdə deyəcək ki, biz əslən Sabirabadlıyıq, gəlmələr buranı korladı və sairə. O buna yumruq atacaq, bu onun dişini qıracaq və sairə. Yəni, paytaxtı dəyişməyin mental və dental problemləri çoxdur.
Gör dekolte bizi hara gətirdi çıxartdı... Bərəkətli mövzudur, maşallah, harasından tutsan, ardı gəlir. Elə “Vağzalı” mahnısının ətrafındakı son müzakirələr də həmin müstəvidəki fikir ayrılıqlarının davamıdır, məzmun etibarilə həmin diskursdadır. (İndiki dövrdə diskurs sözünü çox işlətməyən adam mədəni sayılmır, biləsiniz. Maşallah, media aləmimizdə belə cümlələr gen-boldur. Ancaq hələlik mənim ən çox sevdiyim son xəbər başlığı budur: “Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı”. Möhtəşəmdir. Təklif edirəm Məleykə xanım bunu qəbula salsın, əgər bir uşaq 300 bal toplasa adımı dəyişərəm. Şəxsən mən hər dəfə bu cümləyə baxanda error verirəm).
“Vağzalı” havasından bəhs edirdik. Bəli, bir xalq artisti intervüsündə bildirib ki, artıq camaat toylarda bunu çaldırmır. Başqa artistlər bu vəziyyətə qəti etiraz etdilər, dedilər, nə üçün gəlin köçürdəndə yabançı rok, caz, pop, metal, hip-hop və sairə musiqilərindən istifadə olunur.
Həqiqətən, düşündürücü vəziyyət yaranmışdı. Bu gün “Vağzalı” ilə gəlin köçməyən qız, sabah vağzaldan bilet alıb xarici ölkələrin, yad qüvvələrin təsirinə düşər. Ancaq ictimai narahatçılığımız, min şükür, uzun çəkmədi, üçüncü xalq artisti ortaya çıxdı və bəyan elədi ki, iştirak elədiyi toylarda bu kimi neqativ hallara rast gəlməmişdir, hamısında “Vağzalı” çalınır. Rahat yata bilərik.
Yazını da elə bu nikbin notlarla, şair Tofiq Bayramın misraları ilə bitirirəm:
“Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
“Vağzalı” çalınır, anam ağlayır”.
Zamin HACI