Medianews.az
Dəhşətli təyyarə qəzası -
69 baxış

Dəhşətli təyyarə qəzası - yaralananlar var (ANBAAN VİDEO)

Almaniyanın Frankfurt hava limanında “Lufthansa” aviaşirkətinə məxsus Boeing 787-9 Dreamliner tipli sərnişin təyyarəsi ciddi qəza ilə üzləşib.

Medianews.az xəbər verir ki, “D-ABTL” qeydiyyat nişanlı və “Herne” adlı təyyarə Los-Anceles istiqamətinə uçuşa hazırlaşarkən, 1-ci Terminalda park vəziyyətində olduğu anda ön şassi qəfil çöküb.

Nəticədə təyyarənin burun hissəsi sürətlə aprona dəyərək ciddi zədələnib.

Hadisə zamanı sərnişinlərin təyyarəyə minməsi hələ başlamadığından böyük faciənin qarşısı alınıb. Buna baxmayaraq, göyərtədə hazırlıq görən bəzi ekipaj üzvləri və yerüstü xidmət əməkdaşları müxtəlif xəsarətlər alıb. Yaralılara hadisə yerində tibbi yardım göstərilib.

Qəzanın ardından hava limanına çoxsaylı yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və təhlükəsizlik qüvvələri cəlb olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə ön şassinin qatlandığı, təyyarənin burnunun yerə çırpıldığı və bəzi hissələrin qopduğu əks olunub.

Məlumata görə, çökmə nəticəsində təyyarənin yanında dayanan baqaj yük maşını da gövdənin altında qalıb. Həmçinin mühərriklərin də zədələndiyi ehtimal olunur.

“Lufthansa” şirkəti hadisədən sonra xüsusi böhran idarəetmə qrupu yaratdığını açıqlayıb. Bildirilib ki, qəzaya uğrayan Boeing 787-9 Dreamliner cəmi bir neçə ay əvvəl istismara verilib və yanvar ayından aktiv uçuşlarda istifadə olunurdu.

Hazırda hadisənin səbəbləri Almaniyanın mülki aviasiya qurumları və “Boeing” mühəndisləri tərəfindən araşdırılır.

Medianews.az

Bizə qoşulun