Türkiyənin Bursa şəhərində avtomobilin park edilməsi üstündə yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursanın Yıldırım rayonunda qonşu sahibkarlar arasında iş yerinin qarşısında avtomobil saxlamaq məsələsinə görə başlayan mübahisə qısa zamanda kütləvi davaya çevrilib.
Dava zamanı ata və oğul bıçaqlanaraq yaralanıb.
Məlumata görə, hadisə zamanı tərəflər bir-birinə həm bıçaq, həm də dəyənəklərlə hücum ediblər. Sinəsindən ağır yaralanan oğul yerə yıxılıb. Boynundan yaralanan ata isə öz yarasına baxmadan oğlunun başı üzərində dayanaraq ona ilk yardım göstərməyə çalışıb.
Hadisə şahidlərinin sözlərinə görə, yaralı ata qan içində yerdə uzanan oğluna "Oğlum, ölmə!" deyə səslənib. Həmin anlar ətrafdakı şəxslər tərəfindən lentə alınıb və sosial şəbəkələrdə geniş yayılıb.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Yaralı ata və oğul xəstəxanaya yerləşdirilib. Dava zamanı xəsarət alan şübhəli şəxs isə müalicədən sonra polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az