İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən 23-cü dünya futbol çempionatının qrup mərhələsində 28 oyun arxada qalıb, 89 qol vurulub. Hər oyuna orta hesabla 3,18 qol düşür.
Medianews.az bildirir ki, bombardirlər siyahısına 3 qolla Lionel Messi (Argentina) və Conatan Devid (Kanada) başçılıq edirlər.
Doqquz oyunçu 2 qola imza atıb:
Kayl Larin (Kanada)
Joan Manzambi (İsveçrə)
Harri Keyn (İngiltərə)
Yasin Ayari (İsveç)
Folarin Baloqan (ABŞ)
Erlinq Holann (Norveç)
Kay Haverts (Almaniya)
Elayca Cast (Yeni Zelandiya)
Kilian Mbappe (Fransa).
Turnirdə 6 avtoqol qeydə alınıb.
DÇ-2026-da 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.
Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.