İran Futbol Federasiyası, İran millisinin DÇ-2026-dan gedişini rəqs edərək qeyd etdiyini deyən ABŞ-nin Daxili Təhlükəsizlik naziri Markveyn Mallinə rəsmi və olduqca sərt cavab verib.
Medianews.az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda ABŞ rəsmisinin sözləri kəskin pislənilib: "İranda heç kim bu cür düşmən bəyanatlara təəccüblənmir. Bu sözlər bir daha sübut edir ki, ABŞ rəsmiləri beynəlxalq hüquq normalarına əməl etmirlər və böyük idman turnirinə ev sahibliyi edən ölkə statusunun standartlarına cavab vermirlər. Dövlət məmurunun İranın turnirdən kənarlaşdırılmasına açıq şəkildə sevinməsi bizim komandanı yox, onun öz cılızlığını xarakterizə edir. ABŞ-nin qeyri-peşəkar və qeyri-insani münasibəti onların bizi bu turnirdə görmək istəmədiyini bir daha təsdiqlədi".
Xatırladaq ki, İran millisi G qrupunda Yeni Zelandiya ilə matçdan sonra turnirlə vidalaşmalı olub. Komanda 3 xalla qrup üçüncüsü yeri tutaraq pley-offa yüksələ bilməyib.
Medianews.az