Avqustun 27-si gecə Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin həmin gecə yaydığı məlumata görə, 5,4 maqnitudalı zəlzələ Qusar stansiyasından 94 kilometr şimalda qeydə alınıb. Zəlzələ Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı rayonlarında, Sumqayıt, Abşeron yarımadasında və digər ərazilərdə hiss olunub.
Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzi istər ölkəmizdə, istərsə də qonşu ərazilərdə hər hansı seysmoloji aktivlik müşahidə edirmi? Avqustun 27-si gecə Dağıstanda baş verən zəlzələdən sonrakı seysmoloji fəallıq nə həddədir?
Medianews.az saytı bu suallarla Mərkəzin elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızıya müraciət edib.

V.Rafiqqızı saytın sorğusuna cavab olaraq deyib: “Dağıstan ərazisində baş verən zəlzələ dərin zəlzələ olduğuna görə bizim ərazilərimizdə də 4-3 bal hiss olundu. Adətən maqnitudası 5 və 5-dən yuxarı və ocaq dərinliyi 50-60 kilometr olan zəlzələlərin təsir dairəsi böyük olur, özünü daha geniş ərazidə hiss etdirir. Bu gecə baş verən zəlzələ də belə zəlzələ idi. Ərazilərimizdə hiss olundu.
Bizim öz ərazimiz aktiv bölgə olduğuna görə vaxtaşırı seysmik zonalarımızda da maqnitudası 3 və 3-dən yuxarı təkanlar qeydə alınır, bu da seysmik zonalar üçün normal haldır. Avqustun 27-si gecə baş verən zəlzələ sadəcə bəzi bölgələrimizdə hiss olunub. Bu saata qədər isə bizim ərazimizdə maqnitudası 3 və 3-dən böyük heç bir zəlzələ qeydə alınmayıb”.
V.Rafiqqızı açıqlamasında onu da xatırladıb ki, zəlzələnin dəqiq proqnozu yoxdur: “Heç kim zəlzələ olacaq və ya olmayacaq kimi proqnoz verə bilməz”.
Nailə Qasımova, 
Medianews.az