Medianews.az
Çörək niyə bahalaşıb? -
241 baxış

Çörək niyə bahalaşıb? - Rəsmi qurumdan AÇIQLAMA

N1 çörək zavoduna məxsus çovdar çörəyinin qiyməti 1 manatdan 1.25 manata yüksəlib. Bu dəyişiklik cəmiyyətdə müəyyən narahatlıq və müzakirələrə səbəb olub. Qiymət artımının başlıca səbəbləri hansılardır? Xammalın, xüsusilə unun və digər əsas komponentlərin maya dəyərinin artması bu prosesə nə dərəcədə təsir göstərib? Enerji daşıyıcılarının, nəqliyyat və istehsal xərclərinin yüksəlməsi qiymət siyasətinə necə təsir edir? Həmçinin bu artımın əhalinin sosial rifahına və gündəlik istehlak səviyyəsinə təsiri nədən ibarətdir? 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Medianews.az-a bildirilib ki, Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı” təsdiq edilib:

“Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur. Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar ölkə qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür. Həmçinin qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər”.

İqtisadçı ekspert Xalid Kərimli Medianews.az-a açıqlamasında deyib ki, çörəyi bahalaşdıran əsas səbəb xammalın deyil, istehsal xərclərinin yüksəlməsidir.

Onun sözlərinə görə, hazırda unun qiymətində ciddi dəyişiklik yoxdur və dünya bazarında buğdanın qiymətində də əhəmiyyətli artım qeydə alınmayıb.

Ekspert qeyd edib ki, əsas problem çörək zavodlarının artan xərcləri ilə bağlıdır:

“İstilik, enerji və daşıma xərcləri yüksəlib. İnflyasiya mühiti zavodlara da təsir edir. Onların mənfəət marjası məhduddur və qiymətləri istənilən səviyyədə artırmaq imkanları yoxdur. Çörəyin qiyməti Tarif Şurası tərəfindən birbaşa tənzimlənməsə də, daim diqqət mərkəzindədir. Bu səbəbdən istehsalçılar yüksək marja tətbiq edə bilmirlər və xərclər artdıqca müəyyən müddət sonra qiymət dəyişikliyinə getməyə məcbur olurlar”.

Ekspert əlavə edib ki, son il yarım ərzində yanacağın qiyməti iki dəfə artıb:

“Belə ki, dizelin qiyməti 80 qəpikdən 1 manata, daha sonra isə 1 manat 10 qəpiyə yüksəlib. Enerji daşıyıcılarının, o cümlədən qazın, işığın qiymətlərində son iki ildə artımlar baş verib. Suyun qiymətinin də artacağı istisna edilmir. Eyni zamanda, maaşların orta hesabla 9,3 faiz artması istehsal müəssisələrində əməkhaqqı xərclərinin yüksəlməsinə səbəb olub.

Çörək əhalinin qida rasionunda mühüm yer tutur və xüsusilə aztəminatlı ailələr üçün qiymət artımı daha həssas məsələdir. Buna görə də çörəyin bahalaşması aşağı gəlirli təbəqələrin sosial vəziyyətinə mənfi təsir göstərir”.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun