UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünün sxemi qismən yenilənib.
Medianews.az bildirir ki, turnirə buraxılan 82 komandanın 29-u liqa mərhələsinə birbaşa vəsiqə alır: İngiltərədən 5, İtaliya, İspaniya və Almaniyadan 4, Fransadan 3, Niderlanddan 2, Portuqaliya, Belçika, Çexiya və Türkiyədən 1 komanda.
2025-2026 mövsümünün əmsallar cədvəli əsasında İspaniya və ya Almaniyanın liqa mərhələsinə daha bir təmsilçi çıxarmaq imkanı olacaq.
Avropa Liqasının 2025-2026 mövsümünün qalibi də liqa mərhələsində start götürür, ancaq həmin komanda turnirə ölkə çempionatının nəticəsinə görə çıxsa, sxem bir daha yenilənəcək.
Turnirdə dörd təsnifat mərhələsi var.
Macarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Bolqarıstan, Azərbaycan, İrlandiya, Moldova, İslandiya, Bosniya, Ermənistan, Latviya, Kosovo, Finlandiya, Qazaxıstan, Farer adaları, Malta, Şimali İrlandiya, Litva, Estoniya, Albaniya, Monteneqro, Lüksemburq, Uels, Gürcüstan, Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq, San Marino çempionları turnirə birinci mərhələdən başlayır.
İkinci mərhələnin çempionlar yoluna Polşa, Danimarka, İsveçrə, İsrail, Kipr, İsveç, Xorvatiya, Serbiya, Ukrayna çempionları, liqalar yoluna Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşanın gümüş medalçıları buraxılır.
Üçüncü mərhələnin liqalar yoluna Fransa çempionatının dördüncüsü, Niderlandın bürünc medalçısı, Portuqaliya, Belçika və Çexiyanın gümüş medalçıları dəvət alır.
Dördüncü mərhələnin çempionlar yolunda Norveç, Yunanıstan, Avstriya, Şotlandiya çempionları yer alır.
Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.
36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alacaq.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.