Medianews.az
Cavan Zeynallı dostunun faciəvi ölümündən danışdı: “Metroda terror qurbanı oldu, bu itkidən sarsıldım”
195 baxış

Cavan Zeynallı dostunun faciəvi ölümündən danışdı: “Metroda terror qurbanı oldu, bu itkidən sarsıldım” - FOTO/ÖZƏL

“Rafiq Babayevlə Asəf Zeynallı adına musiqi məktəbində birlikdə oxumuşam. Onunla tanışlığım da musiqi vasitəsilə olub. Musiqi məktəbində caz ifa edəndə səsi bütün otaqlara yayılırdı. Çox gözəl insan idi. Ondan çox şey öyrənmişəm. O vaxt nə disk var idi, nə də kaset. O necə eşidirdi elə də ifa edirdi. Cazın əfsanəsi olmaqla yanaşı həm də filmlərimizə musiqi yazıb. Çox danışmazdı, ancaq ifa edərdi. O başa düşürdü ki, danışmaqla heç nə olmur. Utancaq idi, paxıl deyildi. Hətta ondan icazə alıb barmaqlarına da baxmışam ki, görüm necə ifa edir”

 

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib. O daha sonra sənət dostunun faciəvi ölümündən də danışıb:

“1991-ci il idi. Mənim də sənətimin ən qızğın vaxtları idi. Çox qastrol səfərlərinə gedirdik. Demək olar ki, aylarla Bakını görmürdüm. Qastroldan gələndən sonra dedilər ki, xəbərin var Rafiq Babayev rəhmətə gedib? Yaxşı ki, o günləri Bakıda olmamışam, yoxsa bu xəbərdən özüm də sarsılardım, dəli olardım. Rafiq erməni terrorunun qurbanı olub. O metroda olanda terror hadisəsi baş verib və 30-a yaxın insan faciəvi şəkildə dünyasını dəyişib. Onlardan biri də Rafiq Babayev idi. Onu xatırlayıram ki, məzarı üstündə dayanmadan ağlayırdım. İki qızı var idi, evlərində çox olmuşam. Onlar da bu itkidən sarsılmışdılar. Çünki heç kim Rafiqin bu tezliyində dünyadan getməsi ilə barışmırdı. Bilirsiz ki, Rafiq Babayev “Təhminə” filmi üçün oxuduğu “Əlvida” mahnısı ilə yadda qalıb. Bəstəni Emin Sabitoğlu əslində bir çox müğənnilərə verib, amma sonda istəyib ki, Rafiq Babayev oxusun. Görünür onun səsində daha çox yaxşı alınıb. İndi düşünürəm ki, yaxşı ki, Rafiq “Əlvida”-nı ifa edib. Yoxsa xalq onu necə yadda saxlayardı?”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun