Medianews.az
Çaşdırıcı sual
52 baxış

Çaşdırıcı sual

Qəbul-buraxılış imtahanlarında DİM-in çaşdırıcı suallar qoymağına hətta təhsil naziri də dözmədi, təzəlikcə bunu tənqid elədi. Ancaq nəticəsi olacaqmı? Qəti ümid eləməyin.

Bizdə DİM sistemi bütün klassik ədəbiyyatlarda isbatını tapmış mühakimənin canlı nümunəsidir: “İstənilən hakimiyyət adamı pərvazlandırır, mütləq hakimiyyət isə mütləq uçurdur”. Ora başçılıq edən şəxs əvəzedilməzliyinin təntənəsini yaşamaqdadır (Əlbəttə, kamil oxucular bilir ki, afyorizmin orijinalında əslində pərvazlanmaqdan söhbət getmir. Bilməyənlərə də izah eləməyin mənası yoxdur – indiyəcən bilmədən xoşbəxt yaşayıblarsa, nələrinə lazımdır ki?).

Fürsətdən istifadə edərək Məzahir müəllimə də atəşin kommunist salamı göndərirəm. Bəziləri onu yola salmışdılar, lakin YAP yenidən MSK üzvlüyünə onun namizədliyini vermişdir. Çünki ölkədə ikinci Məzahir müəllim tapmaq mümkün deyil. Məzahir müəllim adını doğruldaraq elə zühur etmişdir ki, onun əvəzləyəcək adam tapılmır. Bir növ, dini-mistik şəxsiyyətdir.

Qayıdaq təhsil sahəsinə. Mən uşaq olanda kimya müəllimimiz Dadaş müəllim sinifdə hansısa təcrübə keçirdi, əlaçı şagird kimi də özünə köməkçiliyi mənə tapşırmışdı. İndi yadımdan çıxıb, hansısa maddəni o birisinin üzərinə asta-asta tökmək lazım idi, ancaq nəyəsə görə müəllimlə aramız sərinlədiyi üçün qəsdən maddəni çox əndərdim. Kolbadan alov çıxdı, partanın üzərinə yayıldı, bir növ, dərviş Məstəli şahın Parisi dağıtdığı səhnə-fason mənzərə yarandı. Dadaş müəllim tələmtələsik əski ilə alovu söndürdü, təcrübənin pərtliyi içində məni danladı. Nadan uşaqlar isə hırıldaşdılar, çünki elə qanmışdılar ki, müəllim səhv elədi, kələyin məndən keçdiyini yalnız Dadaş müəllim anlamışdı.

İndi bizim məktəblərdəki laboratoriyalarda hansısa təcrübələr aparılırmı, ciddi şübhələrim var. Ədalət naminə, təzəlikcə bir fizika müəlliminin uşaqlara oyuncaq tozsoran-filan düzəltdirməyi haqda gözəl xəbər var idi. Yəqin o müəllimi gələn il işdən qovarlar – mükafat kimi. Ancaq uşaqlarımız boş dayanmır, özləri təcrübələr aparırlar.

Məsələn, biri dərsə tüfəng aparıb müəllimi vurmuşdu, başqası spirtlə şagirdi yandırmışdı. İkinci hadisədəki dəhşət təkcə uşağın qəddarlığı, bunu yaradan səbəblər deyildi, çünki müdrik insanlar çoxdan bilirlər: əslində, uşaq saflığı, uşaqların guya mərhəmətli olmağı barədə söhbətlər uydurmadan başqa nəsə deyil. Uşaqlar da böyüklər qədər amansız olurlar, hələ bəlkə daha çox. Bu temada Mixail Hanekenin “Ağ lent” filminə baxmaq, Uilyam Qoldinqin “Milçəklərin hökmdarı” romanını oxumaq məsləhətdir.

Heç uşağın spirti termosa doldurub məktəbə aparmağı da çox düşündürücü olmadı. Məktəb direktorunun televiziyaya verdiyi açıqlamadakı detallar diqqətimi çəkdi. Direktor deyir ki, yandırılan uşağın atası məktəbə şikayətə gəlibmiş – hadisəni törədən uşaqdan. Ata çıxıb gedib, direktor da sinfə kimisə göndərib ki, uşağı çağırsın, həmin adam dərs zamanı sinfə girib və birbaşa deyib: “Filan uşaq kimdirsə, direktor onu filan hadisəyə görə görmək istəyir”. Ondan dərhal sonra cinayət baş verib.

Bu adamlara pedaqogikanı, metodikanı, psixologiyanı hansı “çoban” tədris edib? Bütün sinfin gözü önündə bu cür adam çağırarlar?

İkinci detal da birincidən geri qalmır və səhiyyə sistemimizdəki biabırçılığın örnəyidir. Direktordan sitat: “Təcili yardıma dərhal zəng vurduq, gec gəldiyi üçün özüm uşağı maşınıma qoydum, xəstəxanaya aparırdım, qapıdan çıxanda təcili yardım çatdı, onunla yanıq mərkəzinə apardılar, Buzovnaya” və sairə.

Buzovna sözü, açığı, şübhəli gəldi, çünki hadisə Yasamaldakı məktəbdə olub. Bakıda Yanıq Mərkəzi 5 saylı xəstəxanada – Nərimanov rayonunda idi, lakin 3 ildir oranı təmirə bağlayıblar və yanıq mərkəzini... Buzovnaya köçürüblər. Milyonlar xərclənən təmir (ilkin 19 milyon ayrılmışdı, onu bir qurtuma içdilər) haçan bitəcək, məlum deyil, o vaxtacan da camaat yollarda qalır.

Məsələn, Yasamaldakı o məktəblə Buzovna arasını Google 40 kilometrdən çox göstərdi, minik maşını ilə 1 saatlıq yol şəklində. Ağır yanıq xəsarəti alan uşağı bu qədər yolda qalmağa kim məcbur edir?

Əlbəttə, sual ritorikdir və çaşdırıcıdır. Yandığımdan verdim.

Bizə qoşulun