Medianews.az
Cadu-piti: edən də cəzalansın, etdirən də -
1,961 baxış

Cadu-piti: edən də cəzalansın, etdirən də - TƏKLİF İRƏLİ SÜRÜLDÜ

Fala inananlar az deyil. Bir çox insan şəxsi həyatı, gələcəyi və ya qərarları ilə bağlı falçıya üz tutur. Halbuki bu, elmi əsası olmayan inancdır və insanların aldadılmasına yol açır. Belə olan halda gələcəkdə Azərbaycanda falçılara gedənlərə cərimə tətbiq edilə bilərmi?

Medianews.az-a açıqlamasında sosioloq Elçin Bayramlı öncə vurğulayıb ki, bu sahədə vəziyyət getdikcə mürəkkəbləşir, son dövrlərdə falçılara üz tutanların sayında artım müşahidə olunur:

“Bu problem daima olub, sərt ideoloji çərçivələri olan Sovet İttifaqı dağılandan sonra isə proses geniş vüsət alıb. Təhsil səviyyəsinin aşağı olması, işsizlik, cəhalət və dinin, müqəddəs kitabların insanlara qəsdən səhv təqdim olunması nəticəsində insanların falçılara marağı, inamı artıb”.

Sosioloq vurğulayıb ki, vəziyyətdən bəhrələnən bəzi işbazlar şəxsi bizneslərini quraraq milyonlarla insanı aldadırlar:

“Bəzən insanlar təkcə falçılıqdan deyil, cadugərlikdən də zərər görür. Bu isə bir çox münaqişələrə səbəb olur. Bu, həm mənəvi, həm sosial deqradasiya, həm də hüquqi baxımdan ciddi problemdir. Belə şəxslərin fəaliyyəti qadağan edilməli və ciddi cəzalar tətbiq olunmalıdır. Eyni zamanda, falçılara, cadugərlərə üz tutanlar, onların xidmətindən istifadə edənlər də məsuliyyətə cəlb olunmalıdır. Hüquqda göstərildiyi kimi, zərər vurmağa cəhd də cinayətdir. Yəni cadugərlik yolu ilə başqa insanlara zərər vurmağa çalışmaq da cinayət sayılmalıdır”.

E.Bayramlı problemin həllində maarifləndirmənin vacib rol oynadığını da bildirib:

“İnsanlara həqiqi bilikləri, doğru dini məlumatları öyrətmək, müqəddəs kitabların düzgün izahını vermək lazımdır. Bu sahədə ziyalılar, media nümayəndələri, yazıçılar, jurnalistlər, din xadimləri cəmiyyətin maarifləndirilməsinə çalışmalıdır.

Cadugərlik, falçılıq savad səviyyəsi aşağı olan ölkələrdə daha geniş yayılır. Təəssüf ki, bizdə də belə hallar artır. Yəni problemi iki istiqamətdə həll etmək lazımdır: dövlət hüquqi və inzibati tədbirlər görməli, eyni zamanda cəmiyyətin əsas qüvvələri maarifləndirmə işini gücləndirməlidir”.

Oğuz Ayvaz,
Medianews.az

Bizə qoşulun