Medianews.az
“Bu problem mən nazir olduğum dövrdə də var idi...” -
166 baxış

“Bu problem mən nazir olduğum dövrdə də var idi...” - Eks Təhsil Nazirindən AÇIQLAMA/ÖZƏL

“Məktəblərdə kişi müəllimlərinin çatışmazlığı problemi mən nazir işlədiyim dövrdə də var idi. Bununla bağlı o vaxt mənə də suallar ünvanlayırdılar. Səbəblərini də hər kəs çox yaxşı bilir. Birinci və əsas səbəb maddiyatla bağlıdır. Bizim cəmiyyətdə kişi ailənin əsas maddi məsələsini həll edən şəxsdir. Ona görə də kişinin aldığı əməkhaqqı o ailənin normal şəkildə dolanmasını təmin etməlidir”

Bunu Medianews.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiri, eks Təhsil Naziri Misir Mərdanov deyib.

O son illərdə müəllimlərin maaşının artırıldığını, bir neçə ilə kişi müəllimi probleminin ümumiyyətlə olmayacağını istisna etmir:

“Müəllimlərin maaşı çox aşağı idi. Amma indi çox sevinirəm ki, onların maaşı son illərdə xeyli artıb. Bu səbəbdən də müəllimlik ixtisasına gedən tələbələrin sayı artıb. Mən indi Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiriyəm. Görürəm ki, bu ixtisasa qəbul olan tələbələrin imtahanlarda topladıqları ballar 500-dən yuxarıdır. Qəbul olunanlar arasında oğlanların sayı getdikcə artmaqdadır. Düşünürəm ki, müəllimlərin maaşlarının artırılması davam etdiriləcək və bu peşənin nüfuzu getdikcə qalxacaq. Onda da artıq müəllimlərin içərisində kişilərin sayı artmağa başlayacaq. Bu da təhsildə öz müsbət təsirini göstərəcək. Mən şəxsən buna inanıram. Mən əminəm ki, bu problem qısa müddətdə öz həllini tapacaq. Qadınların işləməsinin heç bir qorxusu yoxdur. Mən həmişə demişəm ki, evdə ailənin tərbiyyə baxımından əsas ağırlığı ananın üzərinə düşür. Ona görə də ananın müəllim olmasından heç bir narazılığımız yoxdur. Amma biz istəyirik ki, qadınlarla yanaşı kişilər də müəllim olsun”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun