Almaniyada əlavə dəyər vergisi (ƏDV) 21 faizə qaldırıla bilər. Medianews.az xəbər verir ki, bunu ölkənin nüfuzlu iqtisadi araşdırmalar mərkəzi olan İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Marsel Fratsşer deyib.
O qeyd edib ki, hökumət 2027-2029-cu illərdə gözlənilən 130 milyard avroluq büdcə kəsirini aradan qaldırmaq məqsədilə ƏDV-ni 2 faiz artıra bilər.
Hazırda Almaniyada ƏDV 19 faizdir.
Marsel Fratsşer vurğulayıb ki, belə bir qərar fiskal baxımdan effektiv sayılsa da, sosial cəhətdən ağır nəticələr doğura bilər: “Çünki ƏDV artımı daha çox aşağı gəlirli əhali qruplarına mənfi təsir göstərir”.
Marsel Fratsşer hökuməti formalaşdıran siyasi partiyaları asan yol kimi dolayı vergi artımına üstünlük vermək cəhdində də qınayıb.
O deyib ki, büdcə kəsirini aradan qaldırmaq üçün təkcə vergiləri artırmaq yox, həm də subsidiyaları azaltmaq barədə düşünmək gərəkdir.