Hindistanın şərqində aramsız yağan leysan yağışları Assam və Arunaçal Pradeş ştatlarında güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 22 mindən çox insan zərər çəkib.
Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsi daşqınlardan ümumilikdə 22 124 nəfərin zərər gördüyünü açıqlayıb. Arunaçal Pradeş ştatında isə azı üç nəfərin həlak olduğu bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Daşqınlar nəticəsində 96 kənd və 1600 hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. Çoxsaylı evlərə və avtomobil yollarına ziyan dəyib. Bundan başqa, Assamın Dhemaji rayonunda 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün bir hissəsi uçub.
Təbii fəlakət səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilir.
İyunun 29-da Hindistanın daxili işlər naziri Amit Şah vəziyyətlə bağlı Assam ştatının baş naziri Himanta Bisva Sarma ilə telefon danışığı aparıb.
Səlahiyyətli qurumlar xəbərdarlıq edirlər ki, əlverişsiz hava şəraiti yaxın günlərdə yeni torpaq sürüşmələri, qəfil daşqınlar və nəqliyyatın hərəkətində ciddi problemlər yarada bilər./Ajans.az/