Medianews.az
Bu mövsüm Azərbaycan üçün necə keçdi?
125 baxış

Bu mövsüm Azərbaycan üçün necə keçdi?

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümünə 4 komanda ilə qoşulmuş Azərbaycan fevralın 24-dən təmsilçisiz qaldı.

Medianews.az xatırladır ki, Çempionlar Liqasına ikinci mərhələdən başlayan “Qarabağ” 1/16 finala qədər irəliləyə bildi.

“Sabah” əvvəl Avropa Liqasının birinci raundundan, sonra Konfrans Liqasının üçüncü raundundan ələndi, “Zirə” Konfrans Liqasında elə ilk sınaqda ilişdi, “Araz-Naxçıvan” isə bu turnirdə bir mərhələ adlaya bildi.

Hər üç turnirdə dörd təsnifat mərhələsi vardı. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçdü, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adladı. 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxdı.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 27-ci yerdə qərar tutur.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,812 əmsal əldə edib.

Klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxeminə görə, Çempionlar Liqasına 84, Avropa Liqasına 46, Konfrans Liqasına 113 komandanın buraxılması nəzərdə tutulur.

Azərbaycan çempionunun Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibinin Avropa Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.

Medianews.az

Bizə qoşulun