Medianews.az
Bu ərazilərdə mənzillər
68 baxış

Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərinə və daşınmaz əmlak sektoruna təsiri qaçılmazdır. Təcrübədə oxşar şəhərlərdə yeni metro stansiyalarının açılması yaxın radiusda daşınmaz əmlak qiymətlərini 10-30% və bəzən daha çox da artıra bilər. Bu rəqəm bazar şəraitinə görə dəyişir. Bu effekt ümumiyyətlə stansiyadan təxminən 300-800 metr radiusda ən güclü olur.

Medianews.az xəbər verir ki, mövzunu Milli.az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni metro stansiyalarının inşası tikinti sektorunda sifarişlərin artmasına, şirkətlərin portfelinin genişlənməsinə və fəaliyyət sahələrinin böyüməsinə səbəb olur.

"Bu layihələr ətraf mühitin nəqliyyat əlçatanlığının təmin edilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Bakıda 10 yeni stansiyanın tikintisi həm işçi qüvvəsinin, həm də inşaat materialları bazarının aktivləşməsinə və tikinti şirkətlərinin büdcələrinin böyüməsinə təkan verir. Metro stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunacaq. Nəqliyyat əlçatanlığı qiymət artımının əsas amillərindən biridir. Hətta yeni stansiyaların tikintisi barədə məlumatların ictimailəşdirilməsi belə, həmin ərazilərdəki əmlakın satış qiymətlərinin artmasına birbaşa təsir göstərir".

Sədr qeyd edib ki, investorlar nəqliyyat infrastrukturuna böyük önəm verirlər.

"Metroların inşası həmin ərazilərdə yeni yaşayış sahələrinin, inzibati binaların, ticarət mərkəzlərinin (molların) və iaşə obyektlərinin yaranması üçün zəmin yaradır. Metro xidmətindən istifadə edən vətəndaşların stansiya ətrafında cəmləşməsi ticarət obyektlərinin gündəlik gəlirlərinin artmasına səbəb olur. Yeni metro stansiyalarının tikintisi həm əhalinin nəqliyyat ehtiyaclarının ödənilməsi, həm də ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir", - deyə V.Oruc Qeyd edib.

Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.

Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb.

Bizə qoşulun