Medianews.az
Bir məhdudiyyətdən ibarət məhdudiyyət rejimi
133 baxış

Bir məhdudiyyətdən ibarət məhdudiyyət rejimi

Nazirlər Kabinetinin 16 mart 2026-cı il qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Rejim aprelin 1-də başa çatmalı idi.

Medianews.az xatırladır ki, xüsusi karantin rejimi 2020-ci il martın 31-də koronavirus pandemiyası dalğasında tətbiq olunub.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, 2024-cü ilin martında yayılmış son rəsmi hesabata görə, 835 min 144 nəfər yoluxub, onların 10 min 428-i vəfat edib.

2023-cü il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini açıqlayıb.

Koronavirus pandemiyası dövründə və sonrakı bir ilə yaxın müddətdə Azərbaycanda xüsusi karantin rejimi epidemioloji vəziyyətdən asılı olaraq tez-tez dəyişib. İlk dövrlərdə sərt məhdudiyyətlər olub. Məsələn, toy və yas mərasimləri yasaqlanıb, evdən çıxmaq icazə sisteminə bağlanıb, bəzi günlərdə tam qadağan olunub, şəhər və rayonlar arasında gediş-gəliş məhdudlaşdırılıb, ticarət, ictimai iaşə, mədəniyyət obyektləri, ictimai nəqliyyat sərt nəzarət altında fəaliyyət göstərib, tibbi maskadan istifadə, peyvənd olunma şərtləri qoyulub, tədris ocaqları məsafədən təhsilə keçib...

Epidemioloji durum yaxşılaşdıqca məhdudiyyətlər azalıb, yumşaldılıb.

Artıq uzun müddətdir Azərbaycanda xüsusi karantin rejimi yalnız bir məhdudiyyətdən ibarətdir: yük daşımaları istisna olmaqla ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxış yasaqdır.

Bu qadağanın pozulması inzibati məsuliyyətə və cinayət məsuliyyətinə gətirir.

Azərbaycan hakimiyyəti xüsusi karantin rejiminin, daha doğrusu, quru sərhədlərin açılmamasının yalnız koronavirusa əsaslanmadığını inkar etmir. Dövlət başçısı səviyyəsində də bəyan olunub ki, quru sərhədlərin bağlı saxlanması daha çox təhlükəsizlik məsələləri ilə əlaqədardır. Martın 13-də parlamentə hesabat verən baş nazir Əli Əsədov ABŞ/İsrail – İran müharibəsinin Yaxın Şərqdə yaratdığı duruma toxunaraq deyib: “Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”.

Medianews.az

Bizə qoşulun