Gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə müxtəlif əlavələrdən istifadə halları təhlükəli həddə çatıb. Xüsusilə idman zallarında məsləhətsiz qəbul edilən preparatlar orqanizmdə bərpası mümkün olmayan fəsadlara yol açır. Bu tendensiya ciddi narahatlıq doğurur, çünki bu cür maddələr mütləq peşəkar təyinatı ilə istifadə edilməlidir. Gənclər çox vaxt ətrafdakıların tövsiyəsi ilə dozanı özbaşına müəyyənləşdirirlər.
Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, idmana meyilli, idmanla məşğul olan gənclər arasında protein və steroidlərin nəzarətsiz qəbulu kifayət qədər geniş yayılıb:
“Bu, həqiqətən də müşahidə olunan və narahatlıq doğuran tendensiyadır. Məsələ ondadır ki, bu cür qida əlavələri protein tozları və steroidlər əslində mütəxəssis təyinatı ilə qəbul olunmalıdır. Lakin əksər hallarda gənclər bir-birinə baxaraq, tövsiyə əsasında və ya özbaşına dozalaşdıraraq bu vasitələrdən istifadə edirlər. Bu isə ciddi sağlamlıq fəsadlarına gətirib çıxara bilir. Son dövrlərdə protein tozlarının istifadəsi ilə bağlı allergik reaksiyalarla müraciət edən xəstələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, qaraciyərin funksional pozğunluqları da geniş yayılıb. Analizlərdə ALAT, ASAT, bilirubin və QQT göstəricilərinin kəskin artması halları qeydə alınır”.
O qeyd edib ki, eyni zamanda bədəndə müxtəlif səpkilər, qeyri-adi dəri reaksiyaları müşahidə olunur:
“Bəzi hallarda isə böyrək funksiyalarında da problemlər ortaya çıxır. Analizlərdə kreatinin səviyyəsinin artması kimi riskli göstəricilər qeydə alınır ki, bu da gələcəkdə daha ciddi fəsadlara səbəb ola bilər. Protein tozları və bu kimi əlavələr yalnız həkim nəzarəti ilə qəbul olunmalıdır. Ən azından bu sahədə endokrinoloq, dietoloq və ya uyğun ixtisas üzrə digər mütəxəssislərlə məsləhətləşmək mütləqdir. Nəzarətsiz istifadə isə sağlamlıq üçün ciddi risklər yaradır”.
Həkim bildirib ki, bədəndə yaranan müxtəlif səpkilər və qeyri-adi dəri reaksiyaları daxili orqanlardakı problemin siqnalıdır. Bəzi hallarda böyrək funksiyalarında da ciddi pozuntular yaranır. Kreatinin səviyyəsinin yüksəlməsi gələcəkdə böyrək çatışmazlığı riskini artırır. Bu səbəbdən endokrinoloq və ya dietoloq məsləhəti olmadan bu növ əlavələrdən uzaq durmaq lazımdır.
Yəni, idman edərkən daha sürətli nəticə almaq üçün qəbul edilən protein və steroidlər qaraciyəri sıradan çıxara, böyrəklərin fəaliyyətini dayandıra və dəridə ağır yaralar yarada bilər.