Azərbaycanda seçkilərin və referendumların hazırlanıb keçirilməsinə məsul Mərkəzi Seçki Komissiyasının 18 üzvü var: 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur.

9 üzvdən ibarət dairə seçki komissiyalarının və 6 üzvdən ibarət məntəqə seçki komissiyalarının yaradılmasında da eyni paritet qaydası tətbiq olunur.
İndiki parlamentdə Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1, partiyasız şəxslərin 45 mandatı var.
Medianews.az belə bir sual qoyub: seçki komissiyalarının formalaşma qaydasını dəyişməyə, məsələn, yalnız siyasi partiyaların təqdim etdiyi nümayəndələrdən ibarət komissiyalar yaratmaq olarmı...

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, seçki komissiyaları cəmiyyətdəki siyasi dünyagörüşlərinin proporsiyasına uyğun formalaşdırılır: “Belə olanda komissiyada bütün siyasi baxışların təmsilçiliyi yaranır. Dolayısı ilə demokratik seçkinin ilkin zəmanəti ortaya qoyulur. Ona görə Azərbaycan məhz bu mövqedən çıxış edərək Mərkəzi Seçki Komissiyasını, həmçinin aşağı seçki komissiyalarını indiki şəkildə formalaşdırır.
Əlbəttə, seçki sistemi daim təkmilləşən, müasir texnologiyalara ehtiyac yarandıqca onu tətbiq edən dinamik bir sistemdir. Amma sistemin funksional olması vacibdir. Hazırda siyasi qüvvələrin fəal iştirakçılığı və bu iştirakçılığa uyğun onlar arasında balansın qorunması baxımından seçki komissiyaları çox optimal şəkildə formalaşır, bunu dəyişməyə zərurət yoxdur. Gələcəkdə cəmiyyətdə seçki komissiyaları ilə bağlı fərqli bir formanın müəyyənləşməsi mövzusu aktuallaşarsa, buna zərurətin olduğu duyularsa, o zaman məsələ nəzərdən keçirilə bilər”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli qeyd edir ki, seçki komissiyalarının hazırkı formalaşması qaydası Seçki Məcəlləsinin qəbul olunduğu 2003-cü ildən müəyyənləşib: “Ancaq Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan bir qanunvericilik aktıdır. Sonrakı illərdə ona müəyyən əlavə və dəyişikliklər edilib və bu prosesin gedişində bizim seçki sisteminin dünyadakı yeni modellərə uyğun təkmilləşdirilməsi məqamı da həmişə diqqət mərkəzində saxlanmalıdır. Seçki Məcəlləsinə dəyişiklik məsələsində məhdudiyyət qoyulmadığını nəzərə alsaq, prosesin davam edəcəyini gözləmək mümkündür. Amma məcəlləyə hər hansı düzəliş bunu etmək səlahiyyətində olan parlamentin ixtiyarındadır”.

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirir ki, seçki qanunvericiliyinə yenidən baxılması təklifləri zaman-zaman səslənir: “Komissiyaların sırf siyasi partiya nümayəndələrindən, yaxud bitərəflərdən formalaşdırılması kimi bir-birindən xeyli fərqli təkliflər mövcuddur. Bu təkliflərdən hansısa qanunvericilikdə əksini tapmayınca ölkəmizdə fərqli bir formada seçki komissiyası yaratmaq mümkün deyil. Seçki komissiyalarının tərkibi Seçki Məcəlləsində necə göstərilibsə, o cür də formalaşır və gələcəkdə məcəllədə mövcud qaydalara dəyişiklik edilməyincə proses bu cür də davam edəcək”.
Elşad Musayev onu da qeyd edir ki, dünya təcrübəsində vahid bir model yoxdur: “Bəzi ölkələrdə seçki komissiyasının funksiyasını statistika qurumu, yaxud daxili işlər orqanları həyata keçirir”.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev qeyd edir ki, onun partiyası sözügedən istiqamətdə, yəni seçki komissiyalarının yalnız siyasi partiyaların nümayəndələrindən formalaşdırılması mövzusunda hər hansı müzakirə aparılmayıb: “Hazırda da Milli Cəbhə Partiyasının gündəliyində belə bir məsələ yoxdur. Bu baxımdan bizim belə bir təşəbbüsün irəli sürülməsi və ya dəstəklənməsi ilə bağlı konkret mövqeyimiz formalaşmayıb”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, Azərbaycanda seçki komissiyalarının formalaşmasının hazırkı modelinə heç də bütün siyasi partiyalar eyni dərəcədə etimadla yanaşmır: “Lakin komissiyaların yalnız siyasi partiyaların təqdim etdiyi nümayəndələrdən ibarət formalaşdırılması modelinə keçid də kifayət qədər mübahisəli sayıla bilər. Zahirən bu, seçkilərin hazırlanmasında və keçirilməsində, bütövlükdə ölkənin siyasi sistemində partiyaların rolunun gücləndirilməsi və konstitusional funksiyalarının təkmilləşdirilməsi kimi görünə bilər. Hesab oluna bilər ki, belə bir mexanizm seçki komissiyalarının işində şəffaflığın, qarşılıqlı nəzarətin artmasına gətirəcək. Yəni komissiyalar tam tərkibdə seçkidə bir-biri ilə rəqabət aparan partiyaların nümayəndələrindən formalaşsa, seçki saxtakarlığına yol vermək çətin olacaq. Lakin bu mexanizmin müəyyən çatışmayan tərəfləri və riskləri də var.
Nəzəri cəhətdən seçki komissiyaları müstəqil, bitərəf və qərəzsiz qurumlar kimi fəaliyyət göstərməli, onun üzvləri partiya maraqlarını deyil, dövlət maraqlarını əsas götürməlidir. Bu baxımdan seçki komissiyalarının sırf siyasi partiya nümayəndələrdən ibarət olması bu qurumların bitərəf və qərəzsiz mövqe sərgiləməsinə maneə yarada, komissiyalarda partiya maraqlarının daha üstün tutulmasına gətirib çıxara bilər. Hətta partiya maraqlarının seçki komissiyalarında qərar qəbul olunmasını qeyri-mümkün etməsi, nəticədə seçkilərin pozulması da mümkün bir versiyadır.
Digər bir risk təşkilati məsələ ilə bağlıdır. Məsələn, bəzi partiyaların komissiyaları formalaşdırmaq üçün kifayət qədər inzibati və təşkilati potensialı olmaya bilər. Nəticədə bütün seçki komissiyalarını partiyalı əsasda formalaşdırmaq cəhdi düyünə düşə bilər”.

Q.Əlibəyli vurğulayır ki, ölkələrin çoxunda seçkilərin hazırlanıb keçirilməsi məqsədilə ayrıca müstəqil, qərəzsiz seçki bürokratiyası yaradılır: “Seçki orqanlarının formalaşmasında siyasi partiyaların iştirakı daha çox postsovet, postsosialist dövlətlər üçün xarakterikdir. Bildiyimə görə, seçki orqanlarının yalnız siyasi partiya nümayəndələrindən ibarət formalaşdırılması mexanizmi heç bir ölkədə yoxdur”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.
