Minimum əmək haqqının artırılması sosial rifahın yaxşılaşdırılması üçün atılan vacib addımlardan biri kimi qiymətləndirilir. Bu dəyişiklik aşağı gəlirli insanların gündəlik həyatına müsbət təsir etsə də, eyni zamanda biznes mühitində yeni çətinliklər yaradır. Xüsusilə özəl sektor artan xərclərlə uyğunlaşmaq üçün fərqli strategiyalar axtarmağa məcbur qalır. Bu qərarın uzunmüddətli təsiri iqtisadi balansın necə qorunacağından asılı olacaq. Minimum əmək haqqının artırılması həm işçilər, həm də sahibkarlar üçün balanslı və davamlı nəticə verə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova Medianews.az-a verdiyi açıqlamada bildirib ki, minimum əmək haqqı sonuncu dəfə keçən il artırılsa da, ərzaq və qeyri-ərzaq mallarının, eləcə də xidmətlərin qiymətində 30-40 faizə qədər artım müşahidə olunur. Bəs bu sahədə işçilərin əmək haqqı artırılıbmı? Əlbəttə ki, əksər hallarda yox.
“Məgər işçinin əmək haqqısı yalnız dövlət rəsmi qərar verdikdən sonra artırılmalıdır? Və ya dövlət minimum hədd müəyyən edirsə, bu o deməkdirmi ki, işçi həmin minimum əmək haqqı ilə kifayətlənməli və faktiki olaraq istismar olunmalıdır? Bu səbəbdən də qeyd olunan fikirlə razı deyiləm. Çünki əmək haqqı artmayıb, lakin qiymət artımları davam edir. Digər tərəfdən, əmək haqqının 5-10 faiz artırılmasına qarşılıq, özəl sektorda qiymətlər 30 faizdən çox artır”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, bu problem təkcə bizdə deyil, digər ölkələrdə də müxtəlif formalarda mövcuddur.
“Vətəndaşın bu gün əsas ehtiyacı yalnız əmək haqqının artırılması deyil, zəruri tələbat mallarının əlçatan olmasıdır. Hazırda ən böyük problemlərdən biri də mənzil məsələsidir. Məsələn, əmək haqqı 400 manat olan bir şəxs üçün ən ucuz 1 otaqlı mənzilin qiyməti təxminən 90 000 manatdır. Bu insan neçə il, neçə ay normal qidalanmadan pul yığmalıdır ki, nəğd şəkildə mənzil ala bilsin?
Hətta minimum əmək haqqının iki dəfə artırıldığını fərz etsək belə, həmin mənzilin qiyməti ən azı 2,5 dəfə arta bilər. Bu sadəcə bir nümunədir; digər sahələrdə də qiymət artımları dəfələrlə yüksələ bilər”.
Oğuz Ayvaz
Medianews.az