Azərbaycanda kredit bazarında dinamika dəyişir. Son statistik göstəricilər bankların qeyri-işlək kredit portfelinin 763 milyon manata çatdığını göstərir. Bu artım xüsusilə istehlak və biznes sahələrində özünü büruzə verir ki, bu da maliyyə sistemində risklərin artması ehtimalını gündəmə gətirir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, problemli kreditlərin artması bank sektorunun risk profilinə birbaşa təsir göstərir:
“Belə hallarda maliyyə institutları mümkün zərərləri kompensasiya etmək məqsədilə əlavə ehtiyatlar formalaşdırır ki, bu da onların gəlirliliyinə və kredit vermə imkanlarına təsirsiz ötüşmür. Banklar daha ehtiyatlı kredit siyasəti yürütməyə başlayır. Bu tendensiya gələcəkdə kredit şərtlərinin sərtləşməsi ilə nəticələnə bilər. Belə ki, banklar tərəfindən borcalanlara tətbiq olunan tələblərin artırılması, girov və gəlir meyarlarının daha ciddi qiymətləndirilməsi, eləcə də riskli hesab edilən sahələr üzrə kreditləşmənin məhdudlaşdırılması ehtimalı yüksəlir. Problemli kreditlərin artması kredit faizlərinə də təsir göstərə bilər. Risklərin yüksəlməsi fonunda banklar bu riski kompensasiya etmək üçün faiz dərəcələrini müəyyən qədər artırmaq məcburiyyətində qala bilərlər”.
Asif İbrahimov bildirib ki, risklərin artması kreditlərin bahalaşmasına səbəb ola bilər. Lakin bu proses təkcə daxili problemlərlə deyil, həm də Mərkəzi Bankın siyasəti və ölkədəki ümumi iqtisadi vəziyyətlə sıx bağlıdır.
“Prosesin dinamikası yalnız problemli kreditlərin səviyyəsi ilə məhdudlaşmır. Mərkəzi Bankın pul-kredit siyasəti, bank sektorunun kapital dayanıqlığı və ümumi makroiqtisadi vəziyyət bu istiqamətdə əsas müəyyənedici amillər olaraq qalır. Müvafiq tənzimləyici tədbirlər və iqtisadi sabitlik şəraitində risklərin təsiri müəyyən qədər neytrallaşdırıla bilər. Problemli kreditlərin artımı uzunmüddətli perspektivdə kreditlərin həm əlçatanlığına, həm də qiymətinə təsir edə biləcək mühüm faktordur. Bu baxımdan bank sektorunda risklərin effektiv idarə olunması və balanslı kredit siyasətinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Yəni, vətəndaşların vaxtında qaytarmadığı kreditlərin həcmi artdıqca, banklar yeni kredit verərkən daha sərt şərtlər qoyur və özlərini qorumaq üçün faizləri qaldıra bilirlər.
07.05.2026, 06:40
92
baxış
Zara Editor