Medianews.az
Azərbaycan mediasında qalmaqal:
140 baxış

Azərbaycan mediasında qalmaqal: Baş redaktorlar cavab verirlər

Mayın 5-də Mətbuat Şurası mediaya çağırış edib.

Şuranın yaydığı mətndə bildirilir ki, media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər: “Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır.

Sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər. Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir.

Belə ki, 29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən “Qaranlıqda həqiqət” verilişi tərəfindən müsahibə alınıb. Müsahibədə V.Quliyevin bir alim və diplomat kimi səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, onun məhz övladı – mərhum Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa videolar şəklində sözügedən verilişin anonslarında təqdim edilib və digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar.

Yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış “Huma Quşu” Təhsilə Yardım Fondu bəyanat yaymış, kəskin etirazını bildirmiş və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət etmişdir. Şura Fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, “Qaranlıqda həqiqət” verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilmişdir. Mahiyyətini diplomatiya, xarici siyasət və tariximizə dair sanballı söhbət təşkil edən müsahibənin anonsları ənənəvi “reytinq yaradıcılığının” mənfi təsirinə məruz qalmış, mətnin ümumi ruhuna xələl gəlmiş, bütün bunlar mərhumun valideynlərində dərin sarsıntı yaratmışdır.

Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının bu tipli davranışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa çağırır. Şura bu qənaətdədir ki, bütöv mətnlərin kontekstdən çıxarılmış fikir şəklində yayılması zamanı müsahibə verən şəxslərin barəsində söz açdıqları konkret mövzu arxa plana keçməməli, spekulyativ yanaşmalardan uzaq durulmalıdır. Çünki bütün bunlar media orqanlarına və jurnalistlərə etimadsızlıq və inamsızlıq formalaşdırır. Etimadsızlıq və inamsızlıq mühiti isə medianın nüfuzunu aşağı salır, həmçinin, cəmiyyətin dolğun bilgilərlə təminatı prosesinə mənfi təsir göstərir.

Media və jurnalistlər onu da nəzərə almalıdırlar ki, müsahibə və ya janrından asılı olmayaraq, təqdim etdikləri bütün materiallar cəmiyyət üzvləri arasında kütləvi qıcıq yaratmamalı, insanların faydalı biliklər əldə etməsini, onların dünyagörüşlərinin yüksəlməsini təmin etməlidir. Əsl ictimai missiya məhz budur. Mətbuat Şurası bütövlükdə media cameəsini özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır”.

Mətbuat Şurasının çağırışı nə dərəcədə əsaslıdır? Əgər əsaslıdırsa, bu çağırışda əksini tapmış problemləri doğuran səbəblər hansılardır?

Hazırda xəbər saytlarında xüsusilə iri müsahibələrdən qısa şəkildə bir neçə xəbər hazırlamaq, saytların sosial media hesablarında isə həmin xəbərləri həm də vizual effektlərlə, əsasən qısa videolarla paylaşmaq metodundan geniş istifadə edilir. Bu metodlardan istifadəni Mətbuat Şurasının çağırışı ilə uzlaşdırmaqla davam etdirmək mümkündürmü?

Medianews.az-ın suallarını cavablandıran 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova bildirib ki, Mətbuat Şurasının çağırışı ümumilikdə əsaslı görünür: “Çünki burada müasir media mühitində tez-tez rast gəlinən həssas bir məsələ - müsahibələrdən ayrı-ayrı hissələrin kontekstdən çıxarılaraq təqdim olunması problemi qaldırılır. Xüsusilə sosial şəbəkələrdə məhz bu qısa fraqmentlər auditoriyanın əsas informasiya mənbəyinə çevrildiyi üçün məsuliyyət daha da artır.

Bununla yanaşı, müsahibələrin hissələrə bölünərək ayrıca xəbər kimi təqdim olunması və ya qısa video formatında paylaşılması özü-özlüyündə problem deyil. Bu, müasir medianın və auditoriyanın kontent istehlakı vərdişlərindən irəli gələn normal və geniş yayılmış bir yanaşmadır. Lakin reytinq və baxış uğrunda rəqabət şəraitində bəzi hallarda emosional və rezonans doğuran məqamların həddindən artıq önə çəkilməsi müşahidə olunur ki, bu da ümumi məzmunun kölgədə qalmasına səbəb ola bilir”.

K.Məmmədova vurğulayıb ki, burada əsas məsələ format deyil, yanaşmadır: “Ayrı-ayrı sitatların və ya qısa videoların təqdim olunması mümkündür və qəbul ediləndir, lakin bu zaman ümumi məna və kontekst təhrif olunmamalıdır. Problem o zaman yaranır ki, materialın informativ yükü deyil, emosional təsir effekti ön plana keçir. Bu baxımdan Mətbuat Şurasının çağırışı mövcud praktikaya zidd deyil, əksinə, peşəkar çərçivəni müəyyən edir. Bu çərçivə daxilində işləmək tam mümkündür: fraqmentlər təqdim oluna bilər, lakin düzgün kontekstlə, balanslı başlıqlarla və manipulyativ yanaşmadan uzaq şəkildə.

Nəticə etibarilə hər şey mövzudan və kontentin həssaslıq dərəcəsindən asılıdır. Xüsusilə şəxsi həyat, faciəvi hadisələr kimi həssas mövzularda daha diqqətli yanaşma vacibdir. Digər hallarda isə daha sərbəst təqdimat mümkündür, amma istənilən halda məzmunun mahiyyəti qorunmalı və peşə etikası əsas prinsip olaraq qalmalıdır”.

Yenisabah.az-ın baş redaktoru İmdad Əlizadə Medianews.az-a açıqlamasında deyib ki, Mətbuat Şurasının çağırışını müxtəlif cür yozmaq olar: “Kimlər üçünsə bu, məqbul bir çağırışdır. Kimsə də hesab edə bilər ki, yox, bu, jurnalistin, redaksiyanın, redaktorun, ümumən götürdükdə media quruluşunun işinə müdaxilədir. Bunu bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Lakin fakt ondan ibarətdir ki, bu gün dünyada bu trend var – qısa müsahibələr, yaxud müsahibələrdən qısa çıxarışlar. Xüsusən sosial media platformalarında bu metoddan geniş istifadə edilir.

Düşünürəm ki, bunun qarşısını almaq mümkün deyil. Yəni tendensiya dayanmayacaq, davam edəcək. Çünki jurnalistin bir məqsədi də götürdüyü müsahibənin geniş auditoriyaya çıxması, onun çox oxunması, ona çox adamın baxmasıdır. İndiki dövrdə baxış, oxunma sayı media quruluşunun, saytların, yutub kanallarının reytinqinə ciddi təsir edir. Ona görə müsahibəni cəlbedici formada yaymaq yaxşı müsahibə götürmək qədər vacib amilə çevrilib”.

İ.Əlizadənin fikrincə, belə metodlardan imtina müsahiblərin özlərinə də sərfəli deyil: “Çünki söhbət müsahibələrin mümkün qədər geniş auditoriya qazanmasından gedir. Təbii ki, müsahiblər də bunda maraqlı olurlar. 

Konkret olaraq Mətbuat Şurasının çağırışında əks olunan fakta gəlincə, Allah Vilayət Quliyevin qızına rəhmət eləsin! Onun həssas mövqeyini anlamalıyıq, çünki ağır itki ilə üzləşib. Çox güman ki, Vilayət müəllim Mətbuat Şurasına şikayət edib, nəticədə şura bəyanat verib. Vilayət Quliyev tanınmış diplomatdır, nüfuzlu alimdir. Mətbuat Şurası onun müraciətinə reaksiya verməyə bilməzdi. Lakin müsahibələrin hissələrə bölünüb ayrı-ayrı sərlövhələrlə təqdim olunması prosesinin dayanacağını gözləmirəm, dediyim kimi, bunu qarşısıalınmaz tendensiya sayıram”.

Musavat.com-un baş redaktoru Əli Rais Medianews.az-a deyib ki, yaradıcı sahəni sərt çərçivələrə salmaq düzgün yanaşma deyil. O bildirib ki, jurnalistin işi sual vermək və maksimum informasiyanı üzə çıxarmaqdır: “Müsahibə alan tərəf təbii olaraq daha çox, daha diqqətçəkən və bəzən də sensasion məqamları ortaya çıxarmağa çalışır. Digər tərəfdən, məmur müsahiblər çox vaxt informasiyanı ölçüb-biçərək təqdim etməyə, hətta bəzi məqamları gizlətməyə üstünlük verirlər.

Bu kontekstdə məmurun dediyi qeyri-dəqiq və ya düşünülməmiş ifadəni sonradan “yumşaltmaq” və ya redaktə etmək jurnalistin funksiyası deyil. Müsahibə verən şəxs əvvəlcədən anlamalıdır ki, onun dedikləri geniş auditoriyaya çıxacaq və ictimai reaksiyaya səbəb ola bilər. Bu məsuliyyət birbaşa danışanın üzərindədir”.

Ə.Rais vurğulayıb ki, eyni zamanda müasir media reallıqları nəzərə alınmalıdır: “Onlayn media həm dünyada, həm də Azərbaycanda ənənəvi mediadan ciddi şəkildə fərqlənir. Burada diqqət uğrunda rəqabət çox yüksəkdir və ilk baxışda oxucunu cəlb edən əsas element başlıq, xüsusilə də ilk bir neçə sözdür. Belə bir mühitdə “bunu vermə, onu belə təqdim etmə” kimi qadağalar medianın çevikliyini azaldır və onu faktiki olaraq iflic vəziyyətə sala bilər.

Təbii ki, dövlət əhəmiyyətli məsələlərdə məsuliyyət xüsusi önəm daşıyır. Hər hansı informasiyanın kontekstdən çıxarılması və ya yanlış təqdim olunması yolverilməzdir. Dövlət siyasəti ilə bağlı mövzularda jurnalistlər, redaktorlar və müsahiblər daha diqqətli və peşəkar davranmalıdırlar. Lakin bu yanaşmanı bütün müsahibələrə şamil etmək də doğru deyil.

Bugünkü informasiya mühitində insanlar daha çox sosial şəbəkələrdə aktivdir. Sensasiya doğuran və ictimai maraq kəsb edən məlumatların gizlədilməsi və ya ört-basdır edilməsi demək olar ki, mümkün deyil. Bu səbəbdən medianı məhdudlaşdırmaq əvəzinə onu gücləndirmək, müasir texnologiyalara uyğun inkişaf etdirmək və auditoriya ilə etibarlı münasibət qurmaq daha doğru strategiyadır. Qadağalarla deyil, inkişafla nəticə əldə etmək mümkündür”.

Ölkə.az-ın baş redaktoru Samir Mirzə Medianews.az-a bildirib ki, Mətbuat Şurasının çağırışına qədər də zaman-zaman jurnalistlərlə müsahiblər arasında sözügedən məsələdə müəyyən anlaşılmazlıqlara şahid olmuşuq: “Ona görə bir çox müsahiblər sonradan belə bir anlaşılmazlığın yaranmaması üçün jurnalistlə əvvəlcədən danışırlar. Eyni zamanda müsahiblərin də media nümayəndələrini anlayışla qarşılamasına ehtiyac var. Jurnalistin əziyyət çəkib hazırladığı materialı daha geniş auditoriyaya çatdıra bilmək üçün müxtəlif sağlam üsullardan istifadə etmək haqqı var. Müsahib özü də bunda maraqlı olmalıdır ki, onun söylədiklərini çoxlu izləyici, oxucu görə bilsin. Hazırda qısa videolar trendə çevrilib. İzləyicilərin, tamaşaçıların əksəriyyəti uzun, iri materiallara meyl göstərmir. Bu özünü müxtəlif sosial şəbəkələrdə də büruzə verir. Ona görə bəzi sosial şəbəkə fenomenləri kütlənin tempini tutub onlar üçün cazibədar ola biliblər. Düzdür, bura bayağı kontentləri ilə gündəm olmağı bacaran şəxslər də daxildir. Amma peşəkar jurnalist də çalışır ki, sanballı materialını heyif etməsin. Baxış sayı az olduqda müsahibə də, media nümayəndəsinə də mənfi mənada təsir edir. Yaxşı olar ki, tərəflər bir-birini başa düşsün və ortaya yaxşı iş çıxsın. Bundan həm izləyicilər, həm də media orqanları zövq ala bilsinlər. İşin müsbət nəticəsini görsünlər.

Kontekstdən çıxarılma məsələsinə gəlincə, bu, hər bir halda yolverilməzdir. Çünki hazırda sosial şəbəkələr elə vəziyyətə çatıb ki, bəzi istifadəçilər hətta xəbəri oxumadan başlığından mövzunu müxtəlif mənalara yoza bilirlər. Təsəvvür edin ki, bir müsahib 15 saniyəlik videosu ilə mənfi mənada yadda qalır və üstündən uzun bir zaman keçməsinə baxmayaraq unudulmur. Tam müsahibə hamının qəbul edəcəyi mövzuda olsa da, bu heç nəyi dəyişmir və sonradan verilən açıqlamanı da bir çox insan səmimi qəbul etmir. Belə halların yaşanmaması üçün ortaya iş qoyarkən müsahibin də, jurnalistin də materiala hərtərəfli yanaşması faydalıdır”.

Nailə Qasımova,
Medianews.az 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun