Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqına aid qanun layihələrinin hazırlanması ilə bağlı iş aparıldığını bildirib.

İqtisadçı deputat Vüqar Bayramovun Medianews.az-a dediyinə görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri var: “Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.
Yeni mexanizmin tətbiq olunması əməkhaqqının aylıq deyil, saatlıq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqı bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması, onların əməkhaqlarında artımların reallaşması imkanını açır. Digər tərəfdən vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışmaq şansı qazanır. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.
Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşandan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiqi əməkhaqqı sistemində bir yenilikdir”.
Nailə Qasımova,
Medianews.az