Şimali İrlandiyada bıçaqlı hücumdan sonra başlayan immiqrant əleyhinə etirazlar ikinci gecə də davam edib.
Medianews.az xəbər verir ki, Belfast və ətraf ərazilərdə etirazçılarla polis arasında toqquşmalar yaşanıb.
Məlumata görə, etirazçılar qanunsuz miqrantların yerləşdirildiyi bildirilən hotelə doğru yürüş etməyə cəhd göstəriblər. Polis kütləni dağıtmaq üçün su şırnaqları və rezin güllələrdən istifadə edib.
Hadisələr zamanı bir neçə nəqliyyat vasitəsi yandırılıb, bəzi binalara ziyan dəyib. Sosial şəbəkələrdə isə miqrantların yaşadığı iddia edilən ünvanların yayıldığı bildirilir.
İğtişaşlara səbəb olan hadisə iyunun 8-də baş verib. Məlumata görə, qaçqın statusu almış Sudan əsilli şəxs yerli sakinə bıçaqla ağır xəsarətlər yetirib. Hadisədən sonra ifrat sağçı qruplar etiraz aksiyalarına başlayıblar.
Hücum nəticəsində yaralanan şəxsin ailəsi zorakılığa son qoyulmasına çağırış edib və baş verənlərin cəmiyyətdə parçalanmaya səbəb olmamasını istəyib.
Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş də bölgədə yaşayan Türkiyə vətəndaşlarını ehtiyatlı olmağa çağıraraq etirazların keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az



