Medianews.az
Bəlkə də Paşinyan yaxın çevrəsinə İlham Əliyev haqda bu sözləri deyib
1,493 baxış

Bəlkə də Paşinyan yaxın çevrəsinə İlham Əliyev haqda bu sözləri deyib

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 23-də ölkəsinin Müstəqillik bəyannaməsinin 35 illiyi münasibətilə xalqa müraciətində müxalif qüvvələrin ona çoxdan verdiyi bir suala məxsusi şəkildə cavab verməyə çalışıb.

Paşinyan deyib: "Düz 7 ildir qarşımda qaldırılan sualı aydınlaşdırmaq istəyirəm. Məni ittiham edirlər ki, niyə 2020-ci ilin sentyabrında könüllü güzəştə gedərək 44 günlük müharibənin qarşısını almadım. Cavab verirəm. Mən o zaman güzəştə getsəydim, Ermənistan dövlətçiliyini və müstəqilliyimizi qeyri-proporsional qaydada daha artıq dərəcədə itirə bilərdik. Ermənisran heç vaxt indiki qədər suveren, indiki qədər müstəqil və indiki qədər inkişafda olmayıb. 29.7 min kv kilometr ərazidə real Ermənistanı qazandıq".

Bəs müxalifətin Paşinyandan tələb etdiyi Azərbaycana edilməli güzəştin mahiyyəti nədir? Ölkənin əsas müxalif qüvvələri Minsk qrupunun 2020-ci ilədək təklif etdiyi son həll modelinin müharibəsiz qəbul olunmasını nəzərdə tuturlar. Onlar Paşinyanı "şişə taxırlar" ki, əgər müharibədən yan keçərək Minsk qrupunun planını qəbul etsəydik, 5 rayonu Azərbaycana təhvil verərək Laçını və Kəlbəcəri əlimizdə saxlayardıq, Laçın dəhlizi əlimizdə qalardı, ermənilər də köçüb getməzdi, Qarabağın dağlıq hissəsi status məsələsi həll edilənə qədər yenə əlimizdə qalardı, Zəngəzur dəhlizinin isə heç söz-söhbəti də getməzdi....

Həqiqətən də Minsk qrupunun müharibə anına qədərki həll planı məhz belə idi.

Ancaq erməni müxalifətinin görmədiyi və bəlkə də görmək istəmədiyi həlledici bir məqam var idi - 2020-ci ildə situasiyanın hakimi Ermənistan yox, Azərbaycan idi, Azərbaycan Minsk qrupunun yarımçıq planını qəbul etmirdi, ya hər şey birdən həll edilməli, ya da müharibə olmalı idi. Bu şəraitdə Paşinyanın müharibədən yan keçmək üçün Azərbaycana güzəştə getməsi heç nəyi dəyişməzdi, çünki Azərbaycan Minsk qrupunun təklif etdiyi yarımçıq həll modelini qəbul etmək istəmirdi. Bu, sözsüz ki, Prezident İlham Əliyevin tarix qarşısında ən böyük xidməti kimi qalacaq.

Maraqlıdır ki, Paşinyan da onu 7 ildir sıxan suala cavabında bu tutarlı məqamı xatırlatmayıb .Yəni deyə bilərdi ki, müharibədən yan keçmək tək mənim əlimdə deyildi, buna İlham Əliyev də razı olmalı idi, o isə yarımçıq həll modelini heç vaxt yaxına buraxmadı...

Bəlkə də Paşinyan yaxın çevrəsinə İlham Əliyev barədə bu sözləri qeyri-rəsmi olaraq deyib...

Aydın Quliyev,
politoloq

Bizə qoşulun