Bakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda S.Sofronov, A.Draçev, D.Bezuqli, V.Dulov hər biri 4 il, D.Fedorov, B.Timoşov, A.Vasilçenko, İ.Bezuqlinin hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Sergey Sofronov tamah niyyəti ilə Dmitrii Bezuqli, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.
Belə ki, onlar həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşməkdə təqsirləndiriliblər.
Həmçinin, ittihama əsasən, aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergey Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4.153 qram çəkidə narkotik vasitə olan heroin, 50 ədəd metadon dərman tabletləri və külli miqdarda - 36.814 qram çəkidə psixotrop maddə metamfetamin əldə ediblər, onları gələcəkdə satmaq üçün ayırıb öz aralarında bölüblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham irəli sürülüb./oxu.az