Medianews.az
Bakı–Sumqayıt istiqamətində nəqliyyat problemi
1,142 baxış

Bakı–Sumqayıt istiqamətində nəqliyyat problemi nə vaxt həllini tapacaq?

Sumqayıt-Bakı istiqamətində hərəkət edən ekspress avtobuslarda səhər və axşam saatlarında ciddi sıxlıq müşahidə olunur. İnsanlar avtobusa minmək üçün uzun növbələrdə dayanır, bu isə gərginlik və narazılığa səbəb olur. Sıxlıq nəticəsində həm səs-küy, həm də stress yaranır. Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Medianews.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakı-Sumqayıt istiqamətində yaranan sıxlıq və növbələrin səbəblərinə toxunaraq bildirib ki, problemin sadə, lakin praktik tətbiq baxımından müəyyən çətinlikləri olan çıxış yolu mövcuddur.

Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda bu məsələ ilə bağlı sınanmış və işlək bir mexanizm var:

“Əgər sıxlıq və növbə yaranırsa, bu o deməkdir ki, tələbat yüksəkdir. Yəni xidmət göstərən nəqliyyat vasitələrinin sayı mövcud tələbatı qarşılamır. Belə hallarda çıxış yolu nəqliyyat vasitələrinin sayını artırmaqdır. Texniki cəhətdən bu sadə məsələdir, amma praktiki baxımdan əlavə xərclər və təşkilati problemlər ortaya çıxır. Görünür, əsas çətinlik də bununla bağlıdır.”

Ə.Hüseynov əlavə edib ki, Bakı-Sumqayıt istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir.

“Məsələn, Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki təkmilləşdirilməli, yeni qatarların alınması üçün investisiyalar yatırılmalıdır. Qatarlar daha sıx qrafiklə, yəni daha qısa intervallarla işləməlidir ki, sərnişinlər üçün rahatlıq yaransın,” – deyə ekspert bildirib.

O, həmçinin qeyd edib ki, sərnişinlərin yalnız avtovağzaldan deyil, Sumqayıt şəhərinin müxtəlif nöqtələrindən Bakının fərqli istiqamətlərinə yola düşməsi üçün marşrut şəbəkəsi genişləndirilməlidir:

“Əgər şəhərin bir neçə yerindən Bakıya avtobus marşrutları fəaliyyət göstərsə, insanlar təkcə avtovağzaldan asılı qalmayacaq, bu da sıxlığı azaldacaq. Bunun üçün yeni avtobuslar alınmalı və həmin istiqamətlər üzrə marşrutlar təşkil edilməlidir.”

Ekspertin fikrincə, həm avtobus, həm də dəmir yolu daşımalarının paralel şəkildə inkişaf etdirilməsi Bakı-Sumqayıt nəqliyyat probleminin həlli üçün ən real və səmərəli yoldur.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun