“Televiziyalarla bağlı son günlər aparılan islahatları dəstəkləyirəm. Çox sevindim, çox yaxşı haldır. Mənə elə gəlir ki, bu doğru qərardır. Təbii ki, bu sözlərim cavanların xoşuna gəlməyəcək. Amma bunu deməliyəm ki, efirlər son günlər çox pis vəziyyətdə idi. İnsanlar efirdən ibrət alır. Bu efirdir. Efirə çıxan şəxs nümunə olmalıdır. Bu hər zaman belə olub. Bizim vaxtımızda bu kimi nüansları gözləyirdilər. Həm danışıqla, həm geyimlə, həm də davranışla nümunə olmaq lazımdır. Tamaşaçı efirdə gördüyü şəxsi özünə kumir seçir. Bu qərarı ikiəlli alqışlayıram”
Bunu Medianews.az-a açıqlamasında Azərbaycanın ilk qadın telerejissoru Solmaz Həmzəyeva deyib.
O bildirib ki, müstəqillik illərindən sonra televiziyalarda vəziyyət mənfiyə doğru dəyişib:
“Müstəqillik illərindən sonra televiziyalarda dəyişiklik oldu. Təkcə Ans-dən başqa. Çünki Ans Sovet illərində fəaliyyətə başlamışdı, səviyyəli kanal idi. Televiziya son illər imicini itirmişdi. Bilirəm ki, Elgizlə, Tolikə də qadağa qoyulub. Onları internetdən oxumuşam. Mən heç onları izləməmişəm. Bir-iki dəfə kanalları çevirəndə görmüşəm, baxmırdım. Bu verilişlər zövq formalaşdıra bilməz”.

Solmaz Həmzəyeva fəaliyyətdə olduğu illəri də xatırlayıb:
“AZTV-nin ilk ali dərəcəli qadın rejissoru olmuşam. O illərdə hələm-hələm texnika çatışmırdı. Studiyammız aşağıda idi, özümüz isə verilişi yuxarıdan idarə edirdik. İndi texnika da yüksək səviyyədədir, amma peşəkarlar çox azdır. Düzdür, yoxdur deməzdim. Amma özəl kanallarda ortalığa çıxacaq verilişlər yoxdur. Danışıram, tənqid edirəm, amma heç nə düzəlmir. Çalışıram televiziyadan çox saytları izləyim. İnformasiyanı daha çox internet kanallarından alıram”.
Əli Əsgər
Medianews.az