Medianews.az
Üç ayda Azərbaycanın çıxardığı neftin həcmi 300 min ton azalıb -
97 baxış

Üç ayda Azərbaycanın çıxardığı neftin həcmi 300 min ton azalıb - EKSPERT

“Bu ilin birinci rübündə Azərbaycanda kondensatla birlikdə neft hasilatı 300 min tondan çox azalıb. Bu, günə təqribən 25 min barrel azalma deməkdir. Eyni temp saxlansa, ilin sonuna 1.2 milyon ton azalma ola bilər”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a açıqlamasında belə deyib.

İ.Şaban bildirib ki, 2025-ci ildə Azərbaycanda neft və kondensat hasilatı 2024-cü illə müqayisədə 1,4 mln ton azalmışdı: “Ümumiyyətlə, 2020-2025-ci illərdə Azərbaycanda əmtəəlik neft hasilatı 7 milyon ton azalıb, orta illik azalma tempi 1,17 milyon ton olub.

Maraqlıdır ki, bu ilin birinci rübündə azalma özünü kondensat hasilatında da göstərib. “Şahdəniz” və Abşeron yataqlarında qaz hasilatı kiçik artım nümayiş etdirsə də, maye karbohidrogen hasilatı aşağı düşüb”.

Energetika Nazirliyinin hesabatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda kondensatla birlikdə 6,6 milyon ton neft çıxarılıb. Rəsmi hasilat 2010-cu ildə 50,8 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2008-ci ildə 44,5 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ildə 27,7 milyon ton göstərilib.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Dünya bazarında neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən aprelin 8-dək apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşıb.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun