Azərbaycan hökuməti 2026-cı ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətini 65 dollardan götürməyi planlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı, gələn ilin dövlət büdcəsinin ilkin göstəricilərindən belə məlum olur.
2025-ci ilin dövlət büdcəsində neftin 1 bareli 70 dollar götürülüb.
Büdcədə neftin qiymətinin aşağı salınması doğru qərardırmı? Doğrudursa, qiymət 65 dollar, yoxsa daha ucuz götürülməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, növbəti il üçün dövlət büdcəsində nefitin qiymətini müəyyən edərkən dünyada baş verən siyasi hadisələr fonunda gələn ilin sonlarınadək neft qiymətlərinin necə dəyişə biləcəyi ehtimallarını diqqətlə araşdırmaq lazımdır.
F.Yusifov xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən öncə dünya bazarlarında neftin qiymətlərinin kəskin azaldılması istiqamətində addımlar atacağını bəyan etmişdi: “Lakin ötən 8 aya yaxın müddətdə onun təşəbbüsü ilə bu istiqamətdə atılan yeganə addım OPEK-in gündəlik neft hasilatının 1,6 milyon barel azaldılmasına dair 2023-cü ildə qəbul etdiyi qərarın dəyişdirilməsi oldu. OPEK bu il artıq 2023-cü ildə azaldılmış həmin hasilat həcmini bərpa etməklə bağlı iki dəfə qərar qəbul edib və gündəlik hasilatın ümumilikdə 578 min barelə qədər artırılmasına qərar verib.
Yaxın zamanlarda azaldılmış hasilat tam bərpa olunacaq və bununla da bütövlükdə bazara gündəlik 1,6 milyon barel əlavə neftin çıxarılması təmin ediləcək. Bu addım neftin dünya bazarlarında qiymətinin ucuzlaşmasına hesablanıb. Bütövlükdə isə Rusiya neftinin ixracına tətbiq edilən sanksiyalara rəğmən ABŞ və OPEK+ ölkələri tərəfindən bundan sonrakı dönəmlərdə neftin hasilatının daha iri həcmlərdə artırılması ehtimalı böyükdür.
Gələn ilin dövlət büdcəsində neftin qiymətlərini müəyyənləşdirərkən bu reallıqları mütləq nəzərə almaq lazımdır. Hesab edirəm ki, indiki durumda dövlət büdcəsində başlanğıc üçün neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində müəyyən olunarsa, bu daha optimal variant hesab edilə bilər”.
Nailə Qasımova,
Medianews.az