Medianews.az
Azərbaycanın 17 nazirliyinin tarixi
179 baxış

Azərbaycanın 17 nazirliyinin tarixi

Azərbaycanda 17 nazirlik var. Medianews.az bildirir ki, 10 nazirliyin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən (1918-1920-ci illər) başlayır.

1919-cu ildə Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. 1922-ci ildə Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti dayandırılıb. 1944-cü ildə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılıb, sonradan komissarlıq Xarici İşlər Nazirliyinə çevrilib.

1918-1920-ci illərdə Hərbi Nazirlik fəaliyyət göstərib. 1991-ci ildə yaradılan Müdafiə Nazirliyi həmin təsisatın varisidir.

Ədliyyə Nazirliyi 1918-ci ildə təsis edilib. 1920-ci ildə nazirlik ləğv olunub, Xalq Ədliyyə Komissarlığı yaradılıb. 1930-cu ildə komissarlıq buraxılıb, 1933-1959-cu illərdə yenidən fəaliyyət göstərib, 1970-ci ildə bir daha Ədliyyə Nazirliyi qurulub.

1918-ci ildə qurulan Daxili İşlər Nazirliyi 1920-1950-ci illərdə təhlükəsizlik orqanları ilə bir strukturda fəaliyyət göstərib, Xalq Daxili İşlər Komissarlığı, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi adları daşıyıb.

Maliyyə Nazirliyi 1918-ci ildə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi 1918-ci ildə Əkinçilik və Əmək Nazirliyi adı ilə yaradılıb, həmin il Dövlət Əmlakı və Əkinçilik Nazirliyinə çevrilib. 1920-ci ildən Dövlət Torpaq Komissarlığı, 1946-cı ildə əvvəl Əkinçilik Nazirliyi, sonra Kənd Təsərrüfatı Nazirliyi adı daşıyıb. 1985-ci ildə bir çox qurumla birləşdirilən Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar Sənaye Komitəsinə çevrilib. 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılıb, 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi qurulub.

1918-ci ildə Poçt və Teleqraf Nazirliyi qurulub, 1920-ci ildə Poçt və Teleqraf Komissarlığına çevrilib. 1953-cü ildə Rabitə Nazirliyi yaradılıb, 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilib.

Səhiyyə Nazirliyi 1918-ci ildə yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsası 1918-1919-cu illərdə qoyulub, 1920-ci ildən Xalq Təsərrüfatı Şurası, Xalq Əmək Komissarlığı, İctimai Təminat Komissarlığı, Xalq İctimai Təminat Komissarlığı adları daşıyıb. 1992-ci ildə Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

1918-ci ildə Xalq Maarifi Nazirliyi qurulub, 1920-ci ildə Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib. 1959-cu ildən Azərbaycanda təhsillə bağlı iki nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Xalq Təhsili Nazirliyi yaradılıb. 1993-cü ildə qurum Ali Təhsil və Maarif nazirliklərinə bölünüb, həmin il Təhsil Nazirliyi yaradılıb. 2022-ci ildən qurum Elm və Təhsil Nazirliyi adı daşıyır.

1 nazirlik sovet hakimiyyəti dövründə (1920-1991) qurulub. 1953-cü ildə yaradılan Mədəniyyət Nazirliyi 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi adı ilə fəaliyyət göstərib.

6 nazirliyin tarixi 1991-ci ildən başlayan yeni dövrə düşür.

Gənclər və İdman Nazirliyi 1994-cü ildə yaradılıb. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinə çevrilib, 2006-ci ildən yenidən Gənclər və İdman Nazirliyidir.

2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi qurulub, 2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyinə, 2016-cı ildə İqtisadiyyat Nazirliyinə çevrilib.

2001-ci ildə Yanacaq və Energetika Nazirliyi yaradılıb, 2004-cü ildə Sənaye və Energetika Nazirliyi, 2013-cü ildə Energetika Nazirliyi adı alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci ildə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılıb.

Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.

Fövqəladə Hallar Nazirliyi 2005-ci ildə qurulub.

Medianews.az-ın arayışı:

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

1920-ci il aprelin 28-də cümhuriyyət Rusiya işğalı ilə süqut edib, Azərbaycan Sovet Sosialist Respublikası elan olunub.

1922-ci il dekabrın 22-də Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılıb.

1989-cu il sentyabrın 23-də parlament (Ali Sovet) Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında konstitusiya qanunu qəbul edib.

1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adına keçilib.

1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun