Medianews.az
Azərbaycanda STOP kredit xidməti işə salınır
97 baxış

Azərbaycanda STOP kredit xidməti işə salınır

Bu gün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbirdə səslənən bir sıra maraqlı məqamlar diqqətimi çəkdi.

Ümumilikdə faydalı və əhatəli bir tədbir idi.

Bəlkə də ilk dəfə idi ki, istehlakçı hüquqları ilə əlaqəli demək olar bütün tərəflər – bank sektoru, kibertəhlükəsizlik qurumları, fərdi məlumatların qorunması ilə məşğul olan strukturlar, süni intellekt və beynəlxalq platformalarla bağlı qurumlar – eyni tədbirdə təmsil olunurdu.

Üstəlik, onların əksəriyyəti rəhbər səviyyəsində iştirak edir və təqdimatlarla çıxış edirdi.

Antiinhisar qurumunun nümayəndələri son dövrlər rəqəmsal mühitdə istehlakçı hüquqlarının qorunması istiqamətində görülən işlər, aparılan monitorinqlər və maarifləndirici təşəbbüslər və resurslar (MilliNet-də də qalib olublar) barədə məlumat verdilər.

Bununla yanaşı diqqətimi çəkən məqamlardan biri də elektron ticarətin ölçülməsi ilə bağlı metodologiyanın hələ də yenilənməməsidir.

Yenə də ölkədə e-ticarət dövriyyəsi ilə bağlı kifayət qədər ağlasığmaz rəqəmlər təqdim olunur. Səbəb isə məlumdur: mövcud qanunvericiliyə görə, məsələn, işıq, qaz və su kimi kommunal xidmətlərin elektron ödənişləri də e-ticarət dövriyyəsinə daxil edilir.

Halbuki beynəlxalq praktikada bu cür ödənişlər elektron ticarət hesab edilmir. Bu məsələyə aydınlıq gətirilməsi və real elektron ticarət həcminin qlobal metodologiyaya uyğun təqdim olunması daha doğru olardı.

Mərkəzi Bank nümayəndəsinin çıxışından isə belə anladım ki, maliyyə-bank sektorunda kibercinayətlərin və onlayn fırıldaqların qarşısını almaq üçün yeni mexanizmlər hazırlanıb. Aidiyyəti qurumlarla real vaxt rejimində məlumat mübadiləsi aparan sistem qurulub, FIN-CERT strukturu yaradılıb və banklar üçün daha sərt təhlükəsizlik tələbləri hazırlanır.

Eyni zamanda bildirildi ki, onlayn kreditlərlə bağlı “STOP” xidməti də işə salınacaq. Bu xidmət vasitəsilə vətəndaşlar bank sistemində özləri üçün onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcəklər. Xatırladıram ki, qonşu ölkələrdə bu xidmət xeyli öncədən təqdim edilir.

Açığı, gözlədim ki, Mərkəzi Bank rəsmisi son vaxtlar geniş müzakirə olunan m10 məsələsi ilə bağlı da hansısa açıqlama verər, lakin bu mövzuya toxunulmadı.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general Emil Mehdiyev isə çıxışında qeyd etdi ki, cinayətkarlar vətəndaşları aldatmaq üçün istifadə etdikləri texnologiya və proqram təminatlarını daim yeniləyirlər. Artıq süni intellekt imkanlarından da istifadə edirlər.

Bununla yanaşı, həyata keçirilən tədbirlər nəticəsində bank kartları ilə bağlı cinayətlərin sayında nəzərəçarpacaq azalma olduğu da bildirildi.

RİNN yanında Elektron Təhlükəsizlik Xidməti isə uzun müddətdir müzakirə olunan “Fərdi məlumatların mühafizəsi haqqında” qanunun bu il qəbul ediləcəyini bir daha vurğuladı.

Son dövrlər ölkədə süni intellekt, rəqəmsal iqtisadiyyat və ümumilikdə rəqəmsal transformasiya ilə bağlı bir sıra konseptual sənədlərin qəbul edilib. Odur ki, rəqəmsal mühitdə istehlakçı hüquqlarının qorunması məsələsi də getdikcə daha da aktuallaşacaq.

Bu səbəbdən rəqəmsal sektorda istehlakçı hüquqlarının qorunması, kibercinayətkarlığın qarşısının alınması və fərdi məlumatların müdafiəsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi vacib görünür.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun