“Yerli banklarda onlayn hesab açarkən təsdiqləmə qaydalarında təhlükəsizlik gücləndirilir”. Bunu Medianews.az-a bloqçu Fərid Pərdəşünas deyib.

O bildirib ki, Mərkəzi Bankın bu həftədən qüvvəyə minən qərarlarına görə:
Vətəndaş onlayn bank hesabı açan zaman mütləq qaydada vətəndaşın fotosu, videosu və ya canlı zənglə görüntüsü bank tərəfindən qeydə alınmalıdır.
Alınan bu görüntüdə şəxsin canlılığı mütləq 3 fərqli hərəkətlə yoxlanılmalıdır. Məsələn: "üzünü yaxınlaşdır" və s. kimi.
Daha sonra bu biometrik məlumatın dövlətin informasiya sistemlərindəki uyğunluğu yoxlanılaraq həmin şəxsə aid olub-olmadığı təsdiqlənməlidir.
Bundan başqa, bank və vətəndaş arasında müqavilə bağlanan zaman yalnız gücləndirilmiş elektron imza tələbi əlavə edilir. Əvvəlki qayda SMS və digər kodlarla ikimərhələli təsdiq aradan qaldırılır.
F.Pərdəşünas qeyd edib ki, bütün bu qaydalara uyğun identifikasiya vasitəsi isə Azərbaycanda geniş şəkildə istifadə olunan SİMA tərəfindən təqdim olunur: “Yəni böyük ehtimalla artıq banklar vahid şəkildə imzalama və dentifikasiyanı SİMA İmza, videozəng və video qeydi isə SİMA KYC ilə aparacaqlar.
Bu, həm də banklar üçün xərcə qənaətdir. Çünki hər bankın özünün biometrik tanıma sistemi qurması baha başa gəlir, SİMA isə hazır, dövlət tərəfindən təsdiqlənmiş vahid bir infrastruktur təqdim edir.
Hətta düşünürəm ki, gələcəkdə bank kartlarından oğurluqları minimallaşdırmaq üçün hər köçürmə əməliyyatına görə biometrik təsdiqləmə məcburi elan ediləcək. Bu, kart məlumatları oğurlansa belə, kənar şəxslərin sizin biometrik məlumatınız (üz cizgiləriniz) olmadan vəsaiti çıxarmasını qeyri-mümkün edəcək”.