Rəsmi hesabata görə, 2026-nın ilk rübündə Azərbaycana gələn əcnəbilərin sayı bir il öncənin eyni dövrü ilə müqayisədə 4,7 faiz, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3,5 faiz azalıb. Geriləmə nə ilə bağlıdır?

Medianews.az-ın sualını cavablandıran Milli Məclis üzvü, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycana gələn turistlərin azalacağı gözlənən idi: “Bölgədəki geosiyasi gərginlik turist sayına birbaşa təsir göstərir. Azərbaycan İranla qonşudur və təbii ki, bu ölkədə müharibə ölkəmizə gələn turistlərin sayını azaldıb. Söhbət İranın özündən Azərbaycana gələn turistlərdən də gedir. İran müharibəsi tək Azərbaycanda deyil, regionda yerləşən bütün dövlətlərdə turizmə mənfi təsir göstərib.
Müharibəyə qədər də bir sıra ölkələrdən gələn turistlərin sayında azalma olub. Xüsusən Hindistandan gələn turistlərin sayında. Turizm Azərbaycana neftdən sonra ən çox gəlir gətirən sahədir. Ona görə də ölkəyə gələn turistlərin sayının optimal olması və artması vacib məqamlardandır. İran müharibəsi davam edərsə, növbəti dövrlərdə də turist sayına mənfi təsir göstərə bilər”.

Turizm eksperti Cəfər Qarayev Medianews.az-a açıqlamasında rəsmi statistikaya bir qədər ehtiyatla yanaşdığını vurğulayıb: “Azərbaycana gələn əcnəbilərin sayında 4,7 faizlik geriləmə mənə az görünür. Fikrimcə, rəqəm daha çox olmalıdır. Ölkəyə ən çox turist Hindistandan, Pakistandan və Yaxın Şərqdən gəlirdi. Fevralın və martın bir hissəsi Ramazan ayına düşdü. Həm də regionda hərbi münaqişə - İranla müharibə oldu. Atəşkəs əldə edilsə də, gərginlik hələ sovuşmayıb. Müharibəyə görə Yaxın Şərqdən Azərbaycana demək olar turist gəlmədi. Regionda neçə-neçə ölkənin hava məkanı bağlandı, xeyli sayda təyyarə reysi ləğv olundu. Bundan başqa öz daxili məsələləri ilə əlaqədar Hindistanın “İndiGo” aviaşirkəti Azərbaycana uçuşları saxladı.
Belə bir vəziyyətin çox böyük ziyanı var. Ərəb ölkələri ilə işləyən turizm şirkətlərinin durumu ağırdır. Demək olar 18 fevraldan ərəb ölkələrindən turist gəlmir. Müharibəyə görə uçuşlar dayanıb və hələ də bərpa olunmayıb. Küveyt və Bəhreynin hava limanları bağlıdır. Qətərdə, Birləşmiş Ərəb Əmirliyində hava limanlarının fəaliyyəti qismən bərpa olunub. Amma təəssüf ki, Birləşmiş Ərəb Əmirliyinin Azərbaycana uçuşlar həyata keçirən “AirArabia” şirkəti ölkəmizə uçuşları bərpa etməyib. Son məlumata görə, “AirArabia” Azərbaycana uçuşları 30 maya qədər dayandırıb. Eynilə də Azərbaycan Hava Yollarının BƏƏ-nin Dubay şəhərinə uçuşları dayandırması qərarı, səhv etmirəmsə, aprelin sonunadək qüvvədədir. Qətərin paytaxtı Dohaya, o cümlədən Küveytə uçuşlar da ləğv olunub. Omanla onsuz da hava əlaqəmiz yox idi. Səudiyyə Ərəbistanının iki şəhəri - Ər-Riyad və Dammam ilə uçuşlarımız da dayanıb”.
Cəfər Qarayev vurğulayıb ki, vəziyyətin belə olmasının həm getmə, həm gəlmə turizminə çox ciddi təsiri var: “Azərbaycana gələn turistlər vasitəsilə ölkəmizə xarici valyuta axın edirdi. Turistlər nağd pul gətirirdilər. Burada müxtəlif sektorlara - yemək, alış-veriş, gəzinti, hotel, muzey və sair - pul xərcləyirdilər. Hazırda bütün bunlar dayanıb. Bu baxımdan gəlmə turizmində vəziyyət xüsusilə ağırdır.
Qeyd edim ki, İsraildən də Azərbaycana turistlər gəlirdi və sayı ildən-ilə artırdı. Hazırda ora ilə də əlaqə kəsilib. İranın hava məkanı bağlı olduğundan təyyarələr Azərbaycana uzun bir dairə vuraraq gəlir. Bu da yanacaq sərfini artırır, təyyarə biletləri bahalaşır”.
Nailə Qasımova,
Medianews.az