Azərbaycan dövləti 2026-cı il fevralın 15-dən dörd ərəb ölkəsinin - Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreynin vətəndaşlarına Azərbaycana vizasız səfər etmək hüququ verib. Bu ölkələrin vətəndaşları 2027-ci il fevralın 15-dək Azərbaycana üç dəfə (hər gəlişdə 30 gün) vizasız gələ bilərlər.
Həmin ölkələrdə, o cümlədən daha bir ərəb dövlətində - Qətərdə 6 aylıq oturumu (müvəqqəti yaşamaq hüququ) və ya daimi yaşayış icazəsi olan üçüncü ölkə vətəndaşları da Azərbaycana rahat gələ bilərlər. Onlar Azərbaycana gələndə bir girişli 30 günlük turizm məqsədli vizanı birbaşa ölkəmizin hava limanında ala bilərlər.
Fars körfəzi ətrafındakı bu beş ölkə körfəz ölkələri kimi təsnif olunan qrupa daxildir.
Məlum olduğu kimi, fevralın 28-dən ABŞ və İsrail İranla müharibə aparır. İran bu iki ölkənin hava hücumlarına cavab olaraq bir neçə ölkəyə raket, dron zərbələri endirir. Həmin ölkələr arasında vətəndaşları Azərbaycana vizasız gəlmək hüququ qazanmış dövlətlər də var.
İndiki çətin məqamda adıçəkilən ərəb ölkələri vətəndaşlarının, yaxud həmin ölkələrdə müvəqqəti və ya daimi yaşayış icazəsi olan başqa dövlətlərin vətəndaşlarının bu şansdan istifadə edib Azərbaycana daha çox gələcəyini gözləmək olarmı?

Medianews.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, birbaşa uçuşların mövcudluğu və təhlükəsizlik şərtlərinin təmin olunması körfəz ölkələrindən Azərbaycana gələn turist sayının artmasına gətirə bilər: “Lakin hazırda regionda müharibə şəraiti və gərginlik, xüsusilə İranla qarşıdurmanın gedişində bəzi körfəz ölkələrinə raket zərbələrinin endirilməsi insanların səyahət planlarına mənfi təsir göstərir. Münaqişəyə cəlb olunmuş ölkələrin hava məkanı bağlıdır, belə bir vəziyyətdə isə həmin istiqamətdən Azərbaycana turist axını gözləmək mümkünsüzdür. Ümid edək ki, müharibə uzun çəkməz. Uzunmüddətli gərginlik turizm sektoruna daha ciddi mənfi təsir göstərə bilər”.
C.Aşurov qeyd edib ki, ərəb ölkələrinin heç birinin Azərbaycanla quru sərhədi yoxdur və həmin dövlətlərdən insanlar ölkəmizə yalnız hava nəqliyyatı ilə gəlir: “Birbaşa uçuş təxminən 3 saat çəkir. Amma hazırda hava marşrutlarında dəyişiklik edilib, ona görə reyslər dolayı istiqamətlər üzrə təşkil oluna bilər. Mövcud şəraitdə isə uçuşların əksəri təxirə salınıb. Bütün bu səbəblərdən indiki anda ərəb ölkələrindən Azərbaycana turist axınını real saymıram”.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 4,9 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvarında körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər təşkil edib.
Nailə Qasımova,
Medianews.az