Bu gün Sabunçu Rayon Məhkəməsi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudovun 4 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Hökmə əsasən, Azər Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Məhkəmə Azər Maqsudovu 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq Arif Acaloğlunun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsində təqsirli bilib.

Azər Maqsudovun vəkili Musa Abdınov Medianews.az-a açıqlamasında deyib ki, onlar qərarı ədalətli saymırlar: “Biz məhkəməyə bəraət hökmü çıxarılması məqsədilə müraciət etmişdik. Məhkəmə isə tam ədalətsiz bir hökm verdi. Biz Sabunçu Rayon Məhkəməsinin bugünkü qərarından apelyasiya instansiyasına şikayət edəcəyik”.
Vəkil onu da deyib ki, apellyasiya şikayətinə baxılanadək Sabunçu Rayon Məhkəməsinin qərarı icraya yönəldilməyəcək, yəni Azər Maqsudov məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməyəcək.
Azər Maqsudov barəsində hökmün verilməsi ilə əlaqədar mediada yayılan məlumatlarda o, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin sabiq müdiri kimi təqdim olunub. Musa Abdınov bildirib ki, bu, yanlış təqdimatdır, çünki Azər Maqsudov toksikologiya şöbəsinin müdiri vəzifəsindən çıxarılmayıb, bu vəzifədə fəaliyyətini davam etdirir və apellyasiya instansiyası qərar verənədək belə də olacaq: “Ümid edirik ki, apellyasiya instansiyası ədalətli qərar çıxaracaq, bəraət hökmü veriləcək və Azər Maqsudov işə apellyasiya instansiyasında baxılması başa çatandan sonra da toksikologiya şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək”.
Toğrul Əli,
Medianews.az