Yeddi ildir Azərbaycanda maaşlardan gəlir vergisi iki üsulda tutulur.
Birincisi. Siz neft-qaz sahəsində və dövlət sektorunda işləyirsinizsə və maaşınız 2500 manata qədərdirsə, onda sizdən hər ay maaşınızın 14 faizi həcmində, yəni 350 manat gəlir vergisi tutulur.
Maaşınız 2500 manatdan çoxdursa, onda maaşın 2500 manata qədər hissəsinin yenə 14 faizi (350 manat), qalan hissəsinin isə 25 faizi gəlir vergisi kimi tutulur. Məsələn, maaşınız 3500 manatdır. Bu halda gəlir vergisinin tutulması üçün sizin maaşınız iki yerə - 2500 manata və 1000 manata bölünür. 2500 manat hissəsindən 14 faiz (350 manat), 1000 manat hissəsindən isə 25 faiz (250 manat) gəlir vergisinə çıxılır. Beləliklə, maaşınız 3500 manatdırsa, onda sizdən hər ay 600 manat gəlir vergisi tutulur.
İkincisi. Siz neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyirsinizsə və maaşınız 8000 manata qədərdirsə, onda sizdən heç bir gəlir vergisi tutulmur.
Yox, maaşınız 8000 manatdan çoxdursa, onda hər ay sizdən maaşınızın 14 faizi həcmində vergi tutulur. Tutalım, siz neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyirsiniz və maaşınız 9000 manatdır. Deməli, hər ay bu maaşın 14 faizi, yəni 1260 manatı gəlir vergisinə çıxılır.
Bu qayda (neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən, maaşı 8000 manata qədər olan şəxslərdən gəlir vergisinin tutulmaması, yalnız maaş 8000 manatı keçəndə 14 faiz həcmində vergi tutulması) 2019-cu ilin yanvarından tətbiq olunur. Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, həmin qayda 7 il müddətinə qüvvədədir. Neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən, maaşı 8000 manata qədər olan şəxslərə də, 8000 manatdan çox olan şəxslərə də güzəşt kimi nəzərdə tutulan qaydanın müddəti 2025-ci ilin sonunda başa çatır.
2026-cı ilin yanvarından maaşlardan gəlir vergisi necə tutulacaq? Neft-qaz sahəsində və dövlət sektorunda işləməyənlər üçün güzəştin müddəti uzadılacaqmı? Yaxud hansısa formada belə şəxslər üçün yeni güzəştlər tətbiq olunacaqmı? Bilinmir. Rəsmi qurumlar hələ ki, bu suallara cavab verməkdən yayınır. Ona görə bir çox şəxsdə belə fikir yaranıb ki, 2026-cı ilin yanvarından neft-qaz sahəsində və dövlət sektorunda işləməyənlərin də maaşından gəlir vergisinin tutulmasına başlanacaq.
O halda neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən və Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, maaşı 8000 manata qədər olduğuna görə 7 ilə yaxındır heç bir gəlir vergisi ödəməyən şəxslərin əməkhaqqından hər ay nə qədər vəsait vergiyə çıxılacaq? Bəs maaşı 8000 manatdan çox olan şəxslər necə - onlar yenə ayda 14 faiz vergi ödəməli olacaqlarmı?
Medianews.az bildirir ki, məsələ ilə bağlı heç bir yenilik olmasa, yəni güzəştin müddəti uzadılmasa, yaxud yeni güzəşt formaları tətbiq olunmasa, onda hazırda neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən şəxslərlə bağlı vəziyyət dəyişəcək. Həm maaşı 8000 manata qədər olanlar, həm də 8000 manatdan çox olan belə şəxslərin maaşından gəlir vergisi yuxarıda göstərdiyimiz birinci üsulla tutulacaq. Yəni siz istər neft-qaz sahəsində və dövlət sektorunda işləyin, istərsə də bu sektorlardan kənarda, fərq etməz, maaşınız 2500 manata qədərdirsə, hər ay 14 faizi (350 manat), 2500 manatdan çoxdursa, onda maaşın 2500 manata qədər hissəsinin 14 faizi (350 manat), qalan hissəsinin isə 25 faizi gəlir vergisinə çıxılacaq.
Toğrul Əli,
Medianews.az