Somnoloq Maksim Novikov bildirib ki, xroniki yuxu çatışmazlığı sağlamlıq üçün ciddi risklər yaradır.
Medianews.az-ın məlumatına görə, mütəxəssis qeyd edib ki, davamlı yuxusuzluq ürək-damar xəstəlikləri, 2-ci tip diabet, piylənmə və immun sisteminin zəifləməsi riskini artırır.
Novikovun sözlərinə görə, uzunmüddətli yuxu pozuntuları insult və miokard infarktı ehtimalını da yüksəldir.
Somnoloq bəzi tədqiqatların yuxu çatışmazlığı ilə sinə və prostat xərçəngi riskinin artması arasında mümkün əlaqə göstərdiyini də bildirib. Onun sözlərinə görə, bu, sirkadian ritmləri tənzimləyən və antioksidant xüsusiyyətlərə malik melatonin hormonunun istehsalının pozulması ilə bağlı ola bilər.
Somnoloq vurğulayıb ki, yuxu çatışmazlığı tez-tez depressiya və narahatlıq pozğunluqlarına səbəb olur. Davamlı yuxu problemi qıcıqlanma, əhvalın aşağı düşməsi, emosional tükənmə və stress səviyyəsinin artması ilə nəticələnə bilər.
Bundan əlavə, uzun müddət az yatmaq yaddaş və diqqətin zəifləməsinə gətirib çıxarır. Həkim xəbərdarlıq edib ki, daimi yuxu çatışmazlığı beyin strukturunda uzunmüddətli dəyişikliklərə səbəb ola və demensiya, eləcə də alzheimer xəstəliyi riskini artıra bilər.
Medianews.az