İsrail “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləmiş ölkələrin siyahısından çıxarılıb. Bu, bir neçə ölkənin İsrailin yarışa buraxılmaması tələbi qoyması, boykot hədəsi fonunda baş verib.
Medianews.az bildirir ki, yenilənmiş heyətdə 24 ölkə var: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
İsrailin yarışa buraxılmaması siyasi təlatümlər fonunda gündəmə gəlib. Fələstin torpaqlarının xeyli hissəsi işğal edən bu ölkə 2023-cü ilin payızından Qəzza bölgəsində qanlı hərbi əməliyyatlar aparır. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.
“Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir.
Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi “Avroviziya 2026”nın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.
1956-cı ildən başlayaraq “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib olub.
Toğrul Əli,
Medianews.az