“Qəribə reallıqlar yaranıb dünyada. Əvvəllər nüvə silahı sülhün zəmanəti sayılırdı. Nüvə silahı olan ölkələrin bir-biri ilə savaşmayacağına qəti inanılırdı. Yaxud hesab olunurdu ki, atom bombası olmayan ölkələr bu bombaya sahib ölkələrə müqavimət göstərə, onlarla müharibə apara bilməz. Bütün bunlara mütləq həqiqət kimi baxılırdı”. Siyasətçi Natiq Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O, vurğulayıb ki, yeni reallıqlar fərqlidir: “Hindistanın da, Pakistanın da nüvə silahı var. Amma bu iki dövlət ara-sıra döyüşür. Nüvə silahı olmayan Ukrayna nüvə silahına malik Rusiyanın limanlarını, zavodlarını, Urala qədər bütün ərazisini raket-dron atəşinə tutur. Boynuna almasa da, İsrailin də nüvə silahı var, amma İran İsrailə heç vaxt görmədiyi zərbələri vura bilir.
Bax belə qəribə, mücərrəd, tabuların yıxıldığı bir dünyada, yeni reallıqda yaşayırıq...
Başqa qəribəliklər də var. Məsələn, qəhrəman Ukrayna xalqı hesab edir ki, Rusiya işğalına qarşı dirənib sonda NATO-nun və Avropa İttifaqının da üzvü ola biləcək. Ukrayna əslində həm də bunun üçün çalışıb vuruşur, ərazi bütövlüyünün bərpası ilə yanaşı, qarşıya cəlbedici məqsəd kimi həm də bu iki məsələni - NATO-nun və Avropa İttifaqının üzvü olmağı qoyub. Amma NATO dağılmaq üzrədir, ən azından ciddi transformasiya ərəfəsindədir. Avropa İttifaqı ölkələrində artan sağ-millətçilik dalğası isə bu qurumun cəlbediciliyini ciddi sual altında qoyur, ittifaqa yeni üzvlərin qəbulunu daha da çətinləşdirir”.
Toğrul Əli,
Medianews.az