Medianews.az
Armen üçün yolayrıcı –
91 baxış

Armen üçün yolayrıcı – düzgün seçim etməsə...

Artıq bütün kartlar açılıb, heç bir diplomatik cümləpərdazlığa yer qalmayıb, maraqlı dövlətlər Azərbaycan-Ermənistan nifaqına öz münasibətlərini açıq-aşkar ortaya qoyublar.

Fransanın ermənifil mövqeyi birmənalı şəkildə ortadadır. Rəsmi Paris bu ölkəyə öz içindəki Marsel kimi baxır. Fransa siyasi arenasında Ermənistanı doğma saymayan bir siyasi qüvvə belə yoxdur.

Rusiyanın baş nazir Paşinyanı devirərək, yenidən Ermənistanı götürmək istəməsi heç vaxt olmadığı qədər açıq və ciddidir. Kreml Köçəryan-Sarkisyan tandemini yenidən iş başına gətirmək, bu marionetlərin hesabına Qafqazda möhkəmlənmək əzmindədir.

Türkiyə Qarabağ münaqişəsinin bitdiyinə, Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığına əmin olaraq, İrəvanla arasındakı buzları əritmək, sərhədləri açmaq. qarşılıqlı faydalı ticarət münasibətləri qurmaq fikrindədir.

Avropa İttifaqının bəzi ölkələri (Belçika, Niderland) katolikosdan artıq ermənilik etmək niyyətindədirlər, Azərbaycan və Ermənistan arasındakı yaxınlaşmanı tormozlamaq, müharibə vəziyyətini saxlamaq istəyirlər.

ABŞ-nin yeni administrasiyası Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı deyil. Vaşinqtona bölgədə sülh lazımdır. Ağ Ev bu münaqişədə tərəf tutmaq istəmir, münaqişənin bitməsini, bölgədə ticarətin böyüməsini istəyir.

İranın başı özünə, öz müharibəsinə qarışıb, ancaq bölgədəki “sadiq müttəfiqi”nin maraqlarını da unutmur, onları öz “qırmızı xətti” saymaqda davam edir.

Ermənistanın özündə seçki ehtirasları şiddətlənib, hər ağızdan bir avaz gəlir, gərginlik pikdədir.

Qarabağ məsələsi, Azərbaycanla münasibətlər bu ölkənin daxili siyasətinin məhək daşına çevrilib. Bütün siyasi qüvvələr ağızlarını Qarabağla açır, Bakıyla yumur.

Paşinyan öz xalqının yeni müharibədən qorxduğunu bilir və məharətlə bu mövzuda manipulyasiya edir. Hər cür çətin sual qarşısında verməyə cavabı olan, ən naqolay situasiyadan çıxmağı bacaran bu adam rəqiblərini susdurmağı da bacarır, xalqın gözündə qalmağı da.

Ona qarşı olanların ən güclüləri “vurulmuş kartlar” və kadrlardır. Onlar vaxtilə erməni xalqına iztirablar yaşadıblar, onu istismar ediblər, regional klan hakimiyyəti bərqərar edərək, varlanıblar, oliqarxa çevriliblər və yenə də iş başına qayıtmaq istəyirlər.

Erməni xalqının müəyyən bir kəsiminin revanşist ovqatda olması, Azərbaycana məğlubiyyəti sinirə bilməməsi, öz böyüklüklərinə inamın hələ də qalması “Qarabağ klanı” üçün yaxşı istinad divarıdır.

Ancaq Paşinyan belə psevdopatriotları yerində oturtmağı bacarır. Küçə yürüşündə bir gəncin onu Qarabağı Azərbaycna verməkdə suçlaması və Paşinyanın onu “müharibə zamanı haradaydın” sualı ilə tərk-silah etməsi bunun göstəricisidir.

Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti yenidən yaransa, bu yalançı patriotlar yenə qaçıb gizlənəcəklər, yenə də qabağa adi, sadə, kasıb ermənilərin 18-20 yaşlı balaları veriləcək. Əsgər yaşlı övladları olan ermənilər bu acı gerçəyi dərk edirlər və onlar övladlarının Köçəryan-Sarkisyan tandeminin ambisiyaları uğrunda qurban getmələrini istəmirlər.

Ümumiyyətlə, Paşinyana qarşı olanlar getdikcə daha tez-tez və daha gur şəkildə onu “Qarabağı satmaq”da suçlayırlar. Paşinyan dilinə gətirə bilmir, amma onun deyəcəyi gerçək budur ki, o, 2020-ci ildə Azərbaycanın daha güclü, daha hazırlıqlı və daha əzmkar olduğunu etiraf edə, “Qarabağı satmadım, gücümüz çatmadı” deyə bilər.

Paşinyan bunu desə, opponentləri dərhal deyəcəklər: “Gücün çatmırsa, kənara dur, biz qəhrəman erməni xalqının gücünü toparlayaq və düşməndən qisas alaq”.

Bu, bir illüziyadır, köçəryanların ağlı 35 il əvvələ gedir. İndi Azərbaycan yeri gəlsə döyüş poliqonuna 1 milyon silahlı hərbçi çıxara bilər – həm də mütəşəkkil, nizami hərbi birləşmələr şəklində. İndi vətən torpağının keşiyində, aralarında koordinasiya və vahid komandanlıq olmayan könüllü hərbi birləşmələr yox, tam hazırlıqlı ordu durur.

Paşinyan bu ordunun gücünü görüb, Köçəryangil isə hələ 1993-cü ilin eyforiyasındadır.

Əslində Paşinyanın opponentləri öz daxili qüvvələrindən çox, xarici himayədalara güvənirlər. Rusiya dağ kimi o tərəfdə durur və yeni hakimiyyətə dəstək verəcəyini bəyan edir. Fransa Paşinyan olmasa da, Ermənistana dəstəyini əsirgəməyəcək.

Azərbaycan ictimaiyyəti Ermənistandakı seçki prosesi ilə yaxından maraqlanır və bu səbəbsiz deyil. Xalqımız sülh istəyir və Paşinyanın sülh istiqamətində atdığı addımları, bu yöndə verdiyi açıqlamaları məmnunluqla qarşılayır.

Hər kəs dərk edir ki, Ermənistanda “müharibə partiyası”nın qalib gəlməsi yeni gərginliyə, hərbi eskalasiyaya səbəb ola bilər. Bu zaman Ermənistana yeni bir dərs vermək lazım gələcək, bu isə vaxt, enerji, vəsait itkisidir. Qarabağın bərpası kimi böyük planlar dururkən, əlavə dərs yükü götürmək artıq işdir.

Beləliklə, 22 gündən sonra Armen və Mkrtıç ciddi seçim qarşısında qalacaqlar, ya sülhə səs verəcəklər, ya da müharibəyə.

Xalid KAZIMLI 

Bizə qoşulun