Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi Antalya Hava Limanında qəzaya uğrayıb.
Medianews.az xəbər verir ki, İstanbul-Antalya marşrutu üzrə uçuş həyata keçirən, TK2430 reysi ilə hərəkət edən Boeing 777 tipli təyyarə hava limanına uğurla eniş etdikdən sonra dayanacaq mövqeyinə doğru hərəkət edərkən yerüstü radar antena dirəyinə çırpılıb.
Məlumata görə, TC-LKD qeydiyyat nişanlı təyyarənin sağ qanadı radar dirəyinə toxunub. Hadisə nəticəsində təyyarədə olan sərnişinlər arasında qısa müddətli təşviş yaranıb.
Qəzadan dərhal sonra hava limanının fövqəladə xidmətləri hadisə yerinə cəlb olunub. Təyyarədə olan 267 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib. Təxliyə zamanı bir sərnişinin yüngül xəsarət aldığı və tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığı bildirilib.
Türk Hava Yolları tərəfindən yayılan açıqlamada bütün sərnişinlərin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi və təyyarəyə dəyən zərərin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı texniki araşdırmaya başlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az