“Qarabağ” futbol klubunu axşam çox çətin səfər oyunu gözləyir. Açığı, oyun qədər proqnoz vermək də çətindir. Çünki “Qarabağ” ondan gözlənti olmayan oyunları gözlənti olan oyunlardan daha yaxşı keçirir. Səfərdə “Benfika”, Bakıda “Çelsi” ilə oyun buna real nümunədir.
Təsəvvür edin ki, Çempionlar Liqasının 5-ci liqa oyununa çıxırıq və İtaliya A seriyasının son çempionu “Qarabağ”dan 3 xal geridədir. Oyunun Maradonanın anım gününə təsadüf etdiyini də nəzərə alsaq, qarşılaşmanın əhəmiyyətinin “Napoli” üçün hansı səviyyədə olduğunu anlamaq o qədər çətin olmaz.
Amma diqqətdən qaçırmamalı olduğumuz məsələlər də var. “Qarabağ” klubu inanılmaz motivasiyaya sahibdir. İtirəcəyi heç nə yoxdur. Klubun başında nə zaman, harada, hansı sürprizi edəcəyi bilinməyən Qurban Qurbanov dayanır. Rəqib isə Antonio Kontedir.
Düşünürəm ki, “Qarabağ” bu oyunda ciddi səy və mübarizə göstərəcək. Real düşünsək, “Napoli” oyunu əldən verməyəcək və 3 xalı kassasına yazdıracaq. “Qarabağ” isə yaxşı təcrübə yığıb, əsas fokusunu “Ayaks” və “Frankfurt”la ev oyunlarına kökləyəcək.
Amma istənilən halda alınacaq 1 xal azarkeşlərin beynində artıq bir çox sualın cavabını verə və pley-off barədə arzuları indidən formalaşdırmağa səbəb ola bilər.
Fərid Pərdəşünas
