Medianews.az
Altsheymer riskini azaldan hobbilər –
117 baxış

Altsheymer riskini azaldan hobbilər – Araşdırma

Orta yaş dövründə musiqi ilə məşğul olmaq, səyahət etmək, dostlarla ünsiyyət qurmaq və yeni bacarıqlar öyrənmək altsheymer xəstəliyi riskini azaltmağa kömək edə bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı İrlandiyanın Dublin Trinity Kolleci (Trinity College Dublin) alimlərinin apardığı yeni araşdırmada bildirilir.

Tədqiqat göstərib ki, fiziki, sosial və zehni fəaliyyəti artıran hobbilər beynin qoruyucu mexanizmlərini gücləndirir və yaddaş zəifləməsinin qarşısını almaqda mühüm rol oynayır. Alimlərin fikrincə, bu təsir hətta altsheymer xəstəliyinə genetik meyli olan insanlarda belə müşahidə olunur.

Araşdırmada 40-59 yaş arasında olan 587 nəfərin məlumatları təhlil edilib. İştirakçılar yaddaş, diqqət və düşünmə qabiliyyətini ölçən müxtəlif testlərdən keçiblər. Mütəxəssislər yüksək təzyiq, diabet, piylənmə, depressiya, yuxu pozuntusu və baş travmaları kimi risk faktorlarını da nəzərə alıblar.

Nəticələrə görə, xüsusilə müxtəlif fəaliyyətlərlə məşğul olan insanların zehni göstəriciləri daha yüksək olub. Alimlər bildirirlər ki, bir neçə fərqli hobbinin birlikdə təsiri təkcə tibbi risk faktorlarından daha güclü qoruyucu effekt yaradır.

Tədqiqat rəhbəri Lorina Nasi qeyd edib ki, sübutlar beynin sağlam qalmasının yalnız yaşlı dövrdə deyil, orta yaşlardan etibarən formalaşdığını göstərir: “Sosial əlaqələr, fiziki aktivlik, yeni bacarıqlar öyrənmək və zehni fəaliyyətlər yaddaş problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər”.

Araşdırma zamanı depressiya və baş travmalarının isə zehni fəaliyyət üçün ən təhlükəli amillərdən biri olduğu müəyyənləşib. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə Alzheimer və demensiyanın qarşısının alınması üçün həyat tərzi ilə bağlı proqramlara daha çox önəm verilməlidir.

Hazırda dünyada təxminən 48 milyon insan demensiyadan əziyyət çəkir. Proqnozlara görə, 2050-ci ilə qədər bu rəqəm 150 milyona çata bilər.

Medianews.az

 

Bizə qoşulun