Medianews.az
Ağıllı yol
78 baxış

Ağıllı yol

Növbəti pullu yolumuz istifadəyə verilmişdir. Bu münasibətlə bütün yolçularımızı, gedən-gələnləri, yaxından uzaqdan salavat çevirənləri təbrik edirəm. İnşallah, bu yol bizi Romaya aparıb çıxarmasa da, xoşbəxt gələcəyə aparacaqdır. Ən azı Ramanaya gedə bilərik (Çoxdandır bu səy zarafatı eləməyə fürsət gəzirdim, üzrlü sayın, indiyə düşdü).

Yol mədəniyyətdir, yol inkişafdır, yol iqtisadiyyatdır. Yol ədəbiyyat və incəsənət, kinematoqrafiya və teatr, zavod və fabrik deməkdir. Yol operadır, yol baletdir, yol müzikldir. Nəsə bu söhbəti zibili çıxmamış dayandırıram. Sadəcə, bəzi zəhmətkeşlərimiz ödənişli yolun qiymətlərindən narazılıq edirlər.

Həqiqətən, ilk baxışdan yol bahalı görünür. Məsələn, minik avtomobili ilə ora girsən hər kilometrə orta hesabla 10 qəpik ödəməlisən. Nəticədə 80 kilometrlik yolun təkcə pulu 8 manat olub. Yəni, benzini, amortizasiya xərcini-zadı nəzərə almadan. Girən kimi 8 manat verirsən.

Bakı-Tiflis qatarının “Yadulla faciəsinin” üstündən bunu həzm eləmək zəhmətkeşlərə bir az çətin gəlib. Mızıldanan kim, mırıldanan kimi... Deyirlər pulumuz yoxdur.

Yoxdur, getmə. Nə məcburdur? Mənim pulum olsa, bir gün burda qalmaram. Ancaq vətən şirin şeydir. (Burda peyinin içindəki qurd balasının vətən temasında atası ilə söhbətinin anekdotu olmalıydı, bilənlər bilməyənlərə danışsın, yerimiz azdır).

Maşınsız get. Camaat piyada dünya səyahətinə çıxır. Ümumiyyətlə, bəlkə hökumət sizi qucağına alıb aparmalıdır? Uşaq pulu alırsınız, dinmirik... Nə qədər tənbəlləşmək olar?

Başqa tərəfdən, bizim yolların ödənişlərinin bahalığının elmi səbəbləri var. İlk növbədə bu, adi yol deyil, müqəddəs yoldur. Şair demişkən: “Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər!” (Düzdür, müstəqilik dövründə biz həmişə Azərbaycan deyiləndə ayağa durduq, sonra baxdıq stulumuzu əkişdiriblər, ancaq indi mövzu bu deyil).

Milli yollarımız “Ağıllı yol” prinsipiylə çəkilir. Yola çıxan kimi adamın ağlı artır. Çünki ata sözümüzdə deyildiyi kimi, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Buna görə bizdə heç kim kitab oxumur. Əgər gəzə-gəzə bilgi daha çox artırsa, göz-başını hərflərlə xarab eləməyin mənası, anlamı nədir?

“Ağıllı yol”umuzun üstünlükləri sırasında hər 5 kilometrdən bir mətbuat konfransının keçirilməsi, hər 10 kilometrdə “Bir pəncərə” sistemiylə ayaqyolu (bütün ehtiyaclar vahid deşikdən ödənilir), qarşıdan “Qaişnik” gəlirsə, işıqla gözvurma, döngələrdə “Nənəmin təndiri” isti çörək satışının təşkili, müasir işıq dirəkləri, qurbağa və kərtənkələlər üçün təhlükəsiz keçidlər, ağ ayı, begemot, qrizli, kaftar, goreşən, əjdaha, dinozavr balası, aysberq, tornado, sunami, vulkan, icra hakimiyyəti və sairə təhlükələrlə qarşılaşma ehtimalı barədə fosforlu işarələrin qoyulması və sairə daxildir.

Saydıqca bitmir ki. Bunların müqabilində hər 100 kilometrə 10 manat vermək, prinsipcə, ucuzdur. Belə macəralı, əyləncəli, yaddaqalan yola çıxırsansa, əlini cibinə sal, zəhmət olmazsa. Məsələn, məndən 30 il qabaq Kürdəmirdəki yolqırağı kafedə bir əyri toyuq buduna görə quzu cəmdəyinin pulunu almışdılar, hələ də yadımdan çıxmamışdır. Şair demişkən, unutsaq, unudularıq.

Bakının özündə də yol sferamızdan narazılar çoxdur. “Ora çökdü, bura batdı, nə bilim, yol idarəsinin müdiri villa tikdi”... İndi təzə mövzu çıxıb, deyirlər paytaxtda yolların işarələnməsi bizdə çaşqınlıq yaradır.

Əvvəla, çaşan aşır. İkincisi, yol işarələrinin mürəkkəbliyindən şikayətlənənlər adətən orta məktəbdə riyaziyyat dərsindən qaçan avaralardır. Bakı yollarındakı rəsmlərdə heç bir çətinlik yoxdur. Mən Biləcəridə bir yolda yerdəki tənliyi qırmızı işıq yanana qədər həll elədim, düzbucaqlı üçbucağın sahəsini tapdım, paralelepipedi kürənin içinə yerləşdirdim, Ferma teoreminin isbatına azca vaxtım çatmadı (İnşallah, Məleykə xanım məni APİ-nin riyaziyyatına salar).

Düzdür, bəzi küçələrdəki işarələmələr həqiqətən çətinlik yaradır. Məsələn, Xətai rayonunda Rəfiyev küçəsində iki paralel xətt kəsişir. Vətəndaşlar da iddia edir ki, Evklidə görə paralel xətlər kəsişə bilməz. He-he. O keçmişdə qaldı, indi Lobaçevski həndəsəsi var.

Elə həmin həndəsəyə görə ağıllı yolla gedən ağıllı olmalıdır. Ağıllı olun, ağıllı yolun!

Zamin HACI

Bizə qoşulun